Uşaq hüquqları beynəlxalq müstəvidə

Uşaq hüquqları beynəlxalq müstəvidə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Şəbiyeva Kipr Respublikasının Nikosia şəhərində Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) 16-cı konfransı və Baş Assambleyasında iştirak edib. SİA-nın xəbərinə görə, "Yetkinlik yaşına çatmayanların hüquq pozuntusu – Uşaqlar üçün yararlı ədliyyə, Preventiv tədbirlər və müdaxilə üçün struktur və proseslər" mövzusuna həsr olunan bu tədbirin məqsədi ENOC-un illik fəaliyyəti barədə müzakirələr etmək, uşaqlar üçün yararlı yuvenal ədliyyə sisteminin yaradılmasına dair fikir mübadiləsi aparmaq, bu sahədə işləyən Ombudsman təsisatlarının uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində həyata keçirdiyi müsbət təcrübələri təqdim etməkdən ibarət olub.

Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri tədbirdə müsbət təcrübə kimi Müvəkkilin təşəbbüsü, Təhsil Nazirliyinin razılığı ilə Ombudsman Aparatı tərəfindən həyata keçirilən "Uşaq hüquqları üzrə Pilləli Tədris Layihəsi" üzrə təqdimat edib. O, layihənin məqsədi, metodologiya, vəsaitlər, resurslar barədə məlumat vermiş və layihənin ilkin olaraq Bakı şəhərinin 3 pilot orta məktəbində, daha sonra Bakının 11 və respublikanın 8 rayonunda olmaqla 19 orta məktəbdə, hazırda isə respublikanın 8 rayonunun 24 orta məktəbində uğurla həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda növbəti il üçün ENOC-un Büro üzvləri seçilmiş, bu qurumun İşçi Qrupları tərəfindən hazırlanan "Qanunla ziddiyyətdə olan uşaqların hüquqları" və "Müəssisələrdə uşaqlara qayğı" adlı bəyanatlar səsləndirilib, 2012-2013-cü illər üçün ENOC-un fəaliyyət istiqamətləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə