17 -21 oktyabr 2012-ci il tarixlərində A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkilatçılığı ilə Rusiyanın Həştərxan şəhərində keçiriləcək "Xəzəryanı Gənclər Məktəbin"də ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi və təşkilatın fəalları təmsil edəcəklər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, məktəb çərçivəsində təmsilçilərimiz Rusiya, Qazaxıstan, Türkmənistan və İran gəncləri ilə iştirakçı ölkələrin gənclər siyasətinə aid mövzuları müzakirə edərək, birgə yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Bundan əlavə müxtəlif mövzular üzrə təlimlərə qatılacaq gənclərin Həştərxan şəhərinin rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.
18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin 21-ci ildönümündə ATGTİ nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə geniş və rəngarəng "Azərbaycan gecəsi" keçirəcəklər. Təqdimatda gənclərimiz Azərbaycan haqda müxtəlif videomateriallar, kitablar, buklet və disklər nümayiş edəcək, əcnəbi gəncləri milli mətbəximiz, rəqs və çay dəsgahı ənənələrimizlə tanış edəcəklər.
Qeyd edək ki, bu günə qədər ATGTİ Rusiya Federasiyasının QHT-ləri ilə uğurlu əməkdaşlıq qura bilmiş və Rusiyada keçirilmiş bu kimi 11 beynəlxalq layihəyə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB