“İtalyan dili həftəsi” keçirilir

“İtalyan dili həftəsi” keçirilir

Azərbaycan Dillər Universitetində (ADU) XII dünya italyan dili həftəsinə start verildi. ADU-dan SİA-ya verilən məlumata görə, açılış mərasimində ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin müdiri Zeynab Kazımova, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib. İtaliya səfirliyi və ADU-nun İtalyan dili kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Mario Baldi öz ölkəsi ilə Azərbaycanın münasibətlərindən, o cümlədən təhsil və mədəniyyət sahələrindəki əlaqələrinin əhəmiyyətindən danışıb. Diplomat ADU ilə İtaliyanın ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq tellərinin yarandığını bildirib. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. M.Baldi bu kimi tədbirlərin italyan dilinə olan marağın artmasında önəmli rol oynadığını qeyd edib. XII dünya italyan dili həftəsi çərçivəsində keçiriləcək tədbirlərə toxunan M.Baldi Milan Dil Məktəbinin professoru, Silvia Vassalonu tədbir iştirakçılarına təqdim etdi. O, bildirdi ki, S.Vassalo tərcüməçiliklə yanaşı, pedaqoq kimi də fəaliyyət göstərir. Səfir professorun italyan dilinin incəliklərindən öyrənən tələbələrə tərcümə peşəsinin sirlərindən bəhs edən seminarlar keçəcəyini diqqətə çatdırıb.

Sonra professor Silvia Vassalo ADU-nun Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçdi. O, seminarda tərcümə peşəsinin xüsusiyyətləri, dillər arasında oxşar və fərqli cəhətlərdən danışdı. İtaliyalı professorun seminarları oktyabrın 19-a kimi davam edəcək.

Qeyd edək ki, bununla yanaşı, bu gün İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 2 sənədli film nümayiş olunacaq. ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında keçiriləcək futbol üzrə yoldaşlıq oyunu isə oktyabrın 17-də baş tutacaq. Növbəti gün isə italyan rejissor Emmanuel Krialezenin "Terraferma" filmi təqdim olunacaq. Oktyabrıın 19-da digər bir italiyalı professor Maria Cuzeppina Karbona italyan dilinin dialektlərindən tələbələrə seminar keçəcək. "İtalyan dili həftəsi"nə həmin gün ADU tələbələrinin italyan dilində hazırladıqları tamaşanın nümayişi ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə