Məhkumlar telefonla danışa biləcəklər

Məhkumlar telefonla danışa biləcəklər

Məhkumlar telefonla danışa biləcəklər.­ SİA-nın xəbərinə görə, bu gün Milli Məclisdə Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi müzakirəyə­ çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu­ komitəsini­n sədri Əli Hüseynli bildirib ki, vaxtilə bu Məcəlləyə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən məhkumların yazışması məsələsini daxil etmişdik. İndi isə bu yöndə daha bir mütərəqqi addım atılaraq onların telefonla danışmasına icazə verilir.

Onun sözlərinə görə, müəyyən müddətə azadlıqdan məhkum edilən şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan­ məhrum edilən şəxslər isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanırlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər: "Cinayətin təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın təhlükəsizliyini və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquq pozmalarının törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müdüriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir. Eyni zamanda tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla, telefon danışıqlarına icazə verilmir".

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə