Neft və qazı ilə Avropaya səs salan Azərbaycan Respublikası nəinki qara qızılı ilə, eləcədə qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatımızı daha da gücləndirməyi əsas hədəf hesab edir. Ölkə prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədyönlü siyasəti həyata keçirmək istiqamətində aidiyyatı qurumlar səylə çalışır. Bu məqsədlə də Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bu yönümdə istər ölkə daxili, istərsə də xarici ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları ilə daima qarşılıqlı əməkdaşlıq edərək, iqtisadiyyatımızın inkişaf etdirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir. Son illər Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası xarici ölkələrlə beynəlxalq əlaqələrini inkişaf etdirmək üçün daha səylə çalışır.
Qurumdan SİA-ya verilən məlumata görə, ASK-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və nümayəndə heyəti Almaniyadan gələn nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələrdən söhbət açılıb. Konfederasiyanın fəaliyyətindən, beynəlxalq tədbirlərdə və sərgilərdə aktiv iştirakından danışan M.Musayev bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən şirkətlər var. Azərbaycan şirkətlərinin istehsalı olan məhsulların beynəlxalq sərgilərdə nümayiş olunması və məhsullarımızın xarici vətəndaşlar tərəfindən rəğbətlə qarşılanması da bir daha qonaqların diqqətinə çatdırılıb.
Görüşdə ötən illərdə Almaniyada təşkil olunan Yaşıl həftə -sərgisinə Azərbaycan nümayəndə heyətinin də qatıldığını deyən M.Musayev Azərbaycan stendinin də xüsusi marağa səbəb olduğunu qeyd edib. Qonaqlar Azərbaycanda layihələr həyata keçirmək niyyətini dilə gətirib. Daha çox aqrar sahə üzrə, su təchizatı, tunel tikinti sahəsində əməkdaşlığa hazır olduqlarını istisna etməyiblər. 2013-cü ildə Berlində təşkil olunacaq meyvə və tərəvəz sərgisində Azərbaycan nümayəndə heyətini görmək istədiklərini deyən "Messe Berlin" sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi İrina Keyko milli məhsullarımızın əks olunduğu stendin olmasını da vacib hesab edib.
Uzun illərdir tibb sahəsində çalışdığını deyən Almaniyanın ali tibb müəssisəsinin baş direktoru Viktor Buyanovskiy isə bildirib ki, klinikaları peşəkar kadrların köməyi ilə Azərbaycan tərəfi ilə istənilən xidmət vasitəsilə əməkdaşlığa hazırdır. Özəl sahədə əməkdaşlığa hazır olduqlarını deyən Viktor Buyanovskiy özəl aviareyslərlə ağır xəstələrə xidmət edə biləcəklərini, bu sahədə çalışanlara treninqlər keçirməyə hazır olduqlarını dilə gətirib. Görüşdə ASK tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, gələcəkdə hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımların atılacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB