Kann festivalı laureatından master-klass məşğələləri
“Beş əhvalat” layihəsi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə "Beş əhvalat" layihəsinə start verilir. Qurumdan SİA-ya verilən məlumata görə, layihənin məqsədi gənc Azərbaycan rejissorlarına dəstək verməkdən və ölkəmizin tarixi-memarlıq irsinə marağın artırılmasından ibarətdir.

Layihə beş rejissora master-klass məşğələlərinin keçirilməsini və nəticədə rejissorlar tərəfindən beş qısametrajlı filmin çəkilişini nəzərdə tutur.

Master-klass məşğələlərini Kann festivalının "Qızıl kamera"mükafatı laureatı Vitali Kanevski aparır. Rejissura və ssenari sənəti barədə master-klass məşğələlərində rejissorlar Elvin Adıgözəl, Teymur Hacıyev, Eldar Albertson, Murad Əbiyev və Cavad Tağızadə iştirak edirlər. Məşğələlər 14 oktyabr tarixindən etibarən 21 oktyabradək davam edəcək. Qısametrajlı filmlərin çəkilişi 2013-cü ilin mart ayında "İçərişəhər " və "Qala" qoruqlarında keçiriləcək.

Qeyd edək ki, master-klassda qonaq qismində ssenarist və prodüsser İradə Bağırzadə, rejissor, tələbə "Oskar"ının bürünc medal sahibi Elmar İmanov və məşhur kinokritik Ülvi Mehdi iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə