Elmar Məmmədyarov İƏT-ə üzv ölkələrə təşəkkür edib
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 20-ci iclası keçirilib. İclasda təşkilata üzv olan 10 ölkənin xarici siyasət idarələrinin rəhbərləri, o cümlədən, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdi. İclasın açılış mərasimində iştirak edən Türkiyə xarici işlər naziri, şuraya hazırda sədrlik edən Əhməd Davudoğlu sədrliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təhvil verib. Öz sədrlik təcrübələrini Azərbaycanla bölüşəcəklərini deyən Davudoğlu Ermənistanın Xankəndi aeroportu açmasına da münasibət bildirib. Nazir qeyd edib ki, bu hava limanının açılması Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə neqativ təsir göstərəcək. Davudoğlunun sözlərinə görə, Ermənistanın bu addımından sonra Türkiyə ilə Azərbaycan arasında məsləhətləşmələr keçirilib.
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təşkilata üzv ölkələrə təşəkkür edib. Daha sonra o, xarici işlər nazirləri şurasının müzakirə edəcəyi mövzuları açıqlayıb. Məmmədyarovun sözlərinə görə, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit sahəsində dialoqun genişləndirilməsi kimi məsələlər xarici işlər nazirləri şurasının əsas müzakirə obyektidir: "Biz inanırıq ki, ECO məkanında dəmiryolu xətlərinin müasirləşdirilməsinə diqqət ayrılmalıdır. Vahid dəmiryolu şəbəkəsinin yaradılmasına əhəmiyyət verilməlidir. Belə ki, biz regional dəmiryol xətlərinin Avropa, Yaxın Şərqin dəmiryolu şəbəkəsinə birləşdirilməsini vacib sayırıq. Qəzvin-Astara dəmiryolu belə layihələrdən biridir. Belə layihələr bölgə ölkələri üçün cəlbedici imkanlar yaradacaq".
Qeyd edək ki, sabah təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Sammitdə prezident İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan prezidenti Həmid Karzay iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB