"Azərbaycanın özünəməxsus sığorta-pensiya modeli formalaşıb"

"Azərbaycanın özünəməxsus sığorta-pensiya modeli formalaşıb"

Bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. SİA-nın verdiyi məlumata görə, bunu yap.org.az saytına verdiyi müsahibəsində Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümov deyib.

Fondun rəhbəri qeyd edib ki, bu sırada aparılan islahatlarda sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması xüsusi qeyd olunmalıdır: "Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində vətəndaşlar sosial risklərlə üzləşdikdə onların sosial müdafiəsinin birinci elementi kimi sosial sığorta sistemi çıxış edir. Həmin sistem iqtisadi aktivliyi daha çox təşviq etməklə şəxslərin işlədikləri zaman özləri və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır. Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan insanların isə dövlət büdcəsi hesabına sosial müavinət və sosial yardımlarla əhatə olunması düzgün addım sayılır. Ölkəmizdə təyin edilmiş islahat istiqamətlərinə uyğun olaraq, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri təmin olunmuşdur".

S.Müslümov bildirib ki, Azərbaycanın sığorta-pensiya sistemində baza və sığorta hissələrindən ibarət birinci pillə, yığım komponentindən ibarət ikinci pillə və könüllü sığortalanmaya (qeyri-dövlət pensiya fondları və s. vasitəsilə) əsaslanan üçüncü pillə olmaqla üçpilləli pensiya təminatı müəyyənləşdirilib: "Bu da onun çevikliyini şərtləndirən əsas amil və əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Dünya maliyyə böhranının nəticələri Azərbaycanda məhz üçpilləli sistemin tətbiqinin, dövlətin sosial müdafiədə aktiv rolunun saxlanılmasının və real yığım elementinin tətbiqi məsələsində ehtiyatlı davranmanın nə dərəcədə doğru olduğunu da sübut etdi. Bu modelin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunması və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyadakı iqtisadi böhran şəraitində belə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur".

Sığorta-pensiya sisteminin Azərbaycan modelinin digər mühüm bir cəhəti onun əhatəliliyidir deyən Fondun prezidenti qeyd edib ki, bu ilk növbədə özünü onda göstərir ki, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. Bununla yanaşı işləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi də yeni qaydalarla əhatə olunmuşdur. 2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir.

"Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilmişdir. Vahid sığorta-pensiya sisteminin kifayət qədər əhatəliliyinin təmin edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 273 min nəfər pensiyaçı və 2 105 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır", - deyə S.Müslümov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə