"İnkişafımızı əmin əllərə həvalə edək" MÜSAHİBƏ

"İnkişafımızı əmin əllərə həvalə edək" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aygün Əliyevanın "Səs" tv-yə müsahibəsi:

- YAP-ın Gənclər Birliyi mütəmadi olaraq layihələr həyata keçirir. Bu layihələr Azərbaycan gəncliyinə nə verir?

- Səs TV hər zaman YAP gənclərinin tədbirlərini geniş işıqlandırıb. İl ərzində dəfələrlə tədbirlərlə bağlı verilişlərinizdə informasiya vermisiniz. Bu il də YAP Gənclər Birliyi eyni güc və enerji ilə yenidən tədbirlərinə start verib. Gənclər Birliyi ilin sonları üçün də kifayət qədər geniş tədbirlər hazırlayıb. Onu qeyd edim ki, uğurlu layihələrimizdən biri "Universal gənclik"dir. Layihəyəyə bu həftədən start veriləcək və ilk mövzu da müstəqilliyimizlə bağlı olacaq. Çünki 18 okytabr müstəqillik günüdür. Qarşıdan Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi gəlir. Təbii ki, bu yubiley gənclər üçün də şərəfli tarixdir. Gənclər Birliyi yubileylə əlaqədar geniş layihələr həyata keçirəcək. Bununla yanaşı, bu gün cəmiyyətdə müxtəlif səbəbdən kitaba, teatra gənclərin marağı azalıb. Birliyimiz bunu nəzərə alaraq yeni layihəyə başlayır. Gənclər hər həftə teatr və kinolara kütləvi şəkildə cəlb olunacaq. Ümid edirik ki, bu layihələr cəmiyyətdə xüsusi maraq doğuracaq. Çox təəssüf ki, bu gün televiziyalara olan maraq gənclərin teatrlara diqqətini azaldıb.

- Bir neçə gün əvvəl qanvermə aksiyası keçirdiniz. Belə humanizm tədbirləri təşkil etmək kimin ideyasıdır?

- Dünya bu məsələ ilə bağlı ciddi mübarizə aparır. İrsi qan xəstəlikləri bütün dünyada yayılmaqdadır. Hətta tibb sahəsində icad olunan yeni texnologiyalar da bunun qarşısını almaqda acizdir. Bununla yanaşı, BMT kimi nüfuzlu bir təşkilat da beynəlxalq donor gününü qeyd edir. Ölkəmizdə bu məsələ günü-gündən daha da qloballaşmağa başlayır. Ölkədə talassemiya və hemofiliya xəstəliklərinin sayı günü-gündən artır. Xüsusi qeyd etmək lazımdır ki, regionda analoqu olmayan talassemiya mərkəzi də məhz Azərbaycanda fəaliyyət göstərir. Adıçəkilən xəstəlikdən əziyyət çəkən insanların sayı 1 milyondan çoxdur. Bu da o deməkdir ki, hər 10-12 nəfərdən biri məhz bu xəstəliyin daşıyıcısıdır. Bütün bunlara dəstək çərçivəsində YAP Gənclər Birliyi də aksiya keçirdi. Qanvermə aksiyalarımız ildə iki dəfə mütəmadi olaraq keçirilir. Lakin bu dəfəki aksiya daha kütləvi xarakter daşıyırdı. Müasir texnologiyanın imkanlarından istifadə edərək, bunu facebookda yayımladıq. Ətrafımıza hətta partiyadan olmayan müəyyən gəncləri də toplaya bildik. Maraqlı məqam ondan ibarət oldu ki, millət vəkilləri- Mübariz Qurbanlı, Siyavuş Novruzov və Məlahət İbrahimqızı da bizimlə birlikdə qanvermə aksiyasında iştirak etdi. Qanvermə aksiyası iki saat ərzində davam etdi. Mərkəzi Qan bankı ilə birlikdə bu layihəni həyata keçirdik. 200 nəfərdən çox gənc aksiyada iştirak etdi. Layihənin adını "Yaşatmağa tələs dost" nəzərdə tutmuşduq. Bu layihənin vasitəsilə ehtiyacı olan bir gəncin həyatını xilas edə bildiksə buna çox sevinirik.

- Elə gənclər var ki, radikal müxalifətin təsiri altında sosial şəbəkələrdə dövlətimizin əleyhinə küçələrdə xoşagəlməz ifadələr, sözlər işlədirlər. Bu gəncləri yollarından çəkindirmək üçün YAP gəncləri hansı tədbirləri görür?

- Bu məsələyə ümummilli lider Heydər Əliyevin kəlamı ilə münasibət bildirmək istərdim: "Sən hakimiyyətə qarşı müxalifətdə ola bilərsən, ancaq öz dövlətinə, millətinə qarşı müxalifətdə olmayasan". Çox təəssüf ki, radikal müxalifətin bugünkü gəncləri məhz millətinə və dövlətinə qarşı bu mövqedədir. Bu da bizi çox təəssüfləndirir. Təəssüf edirəm ki, biz bu gəncləri itiririk. Təbii ki, müəyyən tədbirlərdə bu gənclərlə rastlaşırıq və onlarla müzakirə, polemika aparırıq. Bəzən elə məqamlar olur ki, etikaya yaraşmayan ifadələr işlədirlər. O zaman sözün əsl mənasında onların qarşısında aciz qalırıq. Əminəm ki, həmin gənclər Azərbaycanda gedən prosesləri çox gözəl dərk edə bilirlər. Zaman keçdikcə müxalifət anlayır ki, onların siyasi fəaliyyəti xalqa gərəksizdir. Gənclərə demək istəyirəm ki, gənclik gələcək və inkişaf deməkdir. Gəlin, inkişafımızı əmin əllərə həvalə edək.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə