"Zəlzələ təhlükəsi davam edir" MÜSAHİBƏ

"Zəlzələ təhlükəsi davam edir" MÜSAHİBƏ

Son günlər bir-birinin ardınca qeydə alınan zəlzələlər insanları yenidən narahat etməyə başlayıb. Biz də zəlzələnin başvermə səbəbləri və mövcud vəziyyət barədə məlumat almaq üçün Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Qurban Yetirmişli hadisə yerinə ezam olunduğu üçün suallarımızı mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı cavablandırıb.

- Vüsalə xanım, ümumiyyətlə ölkədə belə zəlzələnin baş verəcəyi əvvəlcədən gözlənilən idimi?

Son günlər Balakəndə baş verən zəlzələ bundan öncə Zaqatalada qeydə alınan zəlzələnin təsiridir. Ümumiyyətlə, Şəkidə və Balakəndə baş verən zəlzələlər Zaqtalada baş verən zəlzələnin təsiri nəticəsində yaranıb. Hazırda Balakəndə xırda təkanlar davam edir. Seysmik müşahidələr də davam etdirilir. Artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi başda olmaqla əməkdaşlar bölgədə müşahidələr aparmaq üçün hadisə yerinə ezam olunublar. Yəqin ki, xırda təkanlar hələ bir müddət də davam edəcək. Çünki oktyabrın 14-də Balakəndə baş verən təkanlardan biri güclü-5,6 maqnituda olub. Bu da hardasa 6-6,5 bala yaxındır və güclü zəlzələ hesab edilir. Adətən güclü zəlzələdən sonra avtoşoklar qeydə alınır. Həmin ərazidə avtoşokların davam etməsi gözləniləndir.

- Bundan sonra zəlzələ hansı qonşu və ya kənar rayonlarda baş verə bilər?

- Hazırda apardığımız müşahidələr göstərir ki, ölkə ərazisində aktivlik var. Hazırda ölkənin şimal-qərb istiqamətində bu aktivlik daha qabarıq şəkildə özünü büruzə verir. Bundan başqa, Şamaxı-İsmayıllı, Gəncəbasar bölgəsində müəyyən aktivlik var. Aktivlik müşahidə edilən ərazilərdə araşdırmaların aparılması bilavasitə rəhbərliyin nəzarətindədir.

- Son baş verən zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alındımı?

- Respublika Seysmoloji Xidmət Mərkəzi ilkin məlumatları yaymadan öncə bütün yerli icra qurumları ilə əlaqə saxlanılır. Təkan baş verəndən yarım saat-bir saat sonra olanlar öyrənilir. Lakin sonradan dağıntılar və tələfat barədə lazımi məlumatlar yerli icra hakimiyyəti orqanlarının işidir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerindədir. Araşdırmalar aparılır və deyilənə görə, zəlzələ baş verən ərazidə müəyyən dağıntı və faktlar var. Yerli stansiya ilkin olaraq hansı məlumatı verirsə, biz bunu ictimaiyyətə çatdırırıq. Əlavə təlafat və dağıntıların araşdırılması sırf yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələdir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinin də Balakənə səfəri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə