Bəzi kütləvi informasiya vasitələri 15 oktyabr 2012-ci il tarixli saylarında guya Balakən rayonunda sosial tələblər irəli sürən 200 nəfərə yaxın sakinin etiraz aksiyası keçirməsi ilə bağlı həqiqətdən uzaq, şər və böhtan xarakterli bir yazı dərc edilib. SİA-nın Şimal-qərb bürosunun əməkdaşı bununla bağlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Müxbirimizə bildiriblər ki, oktyabrın 14-də Balakən rayonunda heç bir aksiya olmayıb. Bazar günü olmasına baxmayaraq 13 və 14 oktyabr tarixlərində baş vermiş zəlzələ ilə əlaqədar RİH-nin bütün əməkdaşları iş başında olublar və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı qarşılarına qoyulmuş məsələlərin həlli ilə məşğul olublar.
Məlumat üçün bildiririk ki, rayonda qaz çəkilişi uğurla davam etdirilir. Son bir ildə mavi qazdan istifadə edən abonentlər 5309 nəfərdən artaraq 9836 nəfərə çatıb. Qaz çəkilişinə görə əhalidən pul toplanması yalandır, qaz çəkilişi dövlət vəsaiti hesabına həyata keçirilir.
Rayon əhalisinin içməli sudan korluq çəkməsi də həqiqətə uyğun deyil. Son bir ildə 4500 metr məsafədə su xətləri dəyişdirilib, 5 ədəd artezian quyusu qazılıb, eyni zamanda 4 subartezian və 2 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib.
Ölkə Prezidentinin sərəncamı ilə tikilən Balakən-Qazma-Darvazbinə avtomobil yolunda intensiv işlər davam etdirilir. Bu günə qədər həmin yolda 305 ədəd elektrik dayaqları dəyişdirilib, 8 km məsafədə "SİP" kabel və 3,6 km məsafədə su-kanalizasiya xətti çəkilib. 9,5 km məsafədə abadlıq işləri aparılıb, 11 km məsafədə yola çınqıl tökülüb, 7 km məsafədə isə asfalt döşənib. Eyni zamanda, yerli bələdiyyələrin vəsaiti hesabına 8 km məsafədə kəndarası yollar asfaltlanıb.
Rayonda ictimai-siyasi vəziyyət sabitdir. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Fövqaladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə lazımi işlər görülür.
Balakəndə zəlzələ fəsadlarının aradan qaldırıldığı bir vaxtda özlərini guya haqq ədalət carçısı kimi təqdim etməyə çalışan yazı müəlliflərinin bu cür yalan və heç bir əsası olmayan uydurma məlumat yaymaları təəssuf doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB