Elektron dərman kataloqu yaradılır

Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, o cümlədən dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanıb.

Bu barədə dərmaninfo.az portalının rəhbəri və təşkilatçısı tibbi jurnalist Ramil Nəcəfli SİA-ya məlumat verib. Saytın rəhbəri qeyd edib ki, elektron dərman kataloqu üzərində bu ilin may ayından iş aparılır: "Əvvəlcə biz bu sahədə dünya praktikasını öyrəndik. Xüsusən bizə yaxın olan Rusiya və Türkiyə təcrübəsini mənimsədik. Həmin ölkələrdə belə tip elektron kataloqları tibbi yönümlü media qurumları, peşəkar assosiasiyalar hazırlayır. Azərbaycanda dərmanların elektron kataloqunun olmaması acınacaqlı haldır. Günümüzdə olduqca aktuallıq kəsb edir. İnsanlar satışda olan dərmanlar haqda bilgi əldə edə bilmir. Apteklərdə və ya pərakəndə şəbəkələrdə çox dərmanlar satılır. Lakin bu dərmanın qanuni qeydiyyatda olub olmaması, orijinal və ya saxta üsulla istehsal edilməməsi barədə bilgi əldə etmək çox çətindir. Dərman məsələsi çox həssas mövzudur. İnsanların sağlamlığı ilə oynamaq təhlükəlidir. Ölkəmizdə bildiyiniz kimi dərman ticarəti bazar iqtisadiyyatına uyğun olaraq özəl müəssisələr tərəfindən həyata keçirilir. Dövlət qurumları isə bu sahəyə nəzarət edir. İstər həkimlər, istərsə də dərman istehlakçılarının dərman firmalarının reklam etdiyi dərmanların haqqında hər şeyi öyrənmək haqqı və imkanı olmalıdır. Düşündük ki, bu məqsədə xidmət edən ən üstün vasitə məhz elektron dərman kataloqunun yaradılmasıdır. Öz potensialımıza arxalanaraq Səhiyyə Nazirliyinə müraciət edib belə bir məsuliyyətli yükü öz üzərimizə götürdük. Onu da deməliyəm ki, dərman kataloqunun hazırlanması "Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununnun" tələbidir.

R.Nəcəfli daha sonra bizə bildirdi ki, elektron dərman kataloqu həm də operativ xəbər portalıdır. Bu saytda ölkə gündəmində olan ən aktual xəbərlər, jurnalist araşdırmaları, ekspert rəyləri öz əksini tapacaq: "Biz yalnız əhalinin maraqlarını, istehlakçı hüquqlarını rəhbər tuturuq. Saytda ərzaq təhlükəsizliyi, qida əlavələri, tapılmayan dərmanlar, kosmetik vasitələr, müalicə standartları, əczaçılıq sektoru barədə ən son yeniliklər, dünyada və Azərbaycanda qadağan olunmuş dərmanlar öz əksini tapacaq. İstehlakçıların harda, necə, hansı yollarla aldadılması, satış şəbəkələrində dövlət qurumlarının və ictimaiyyətin gözündən yayınan faktları əhatə edən araşdırmalar da öz əksini tapacaq. Bilirsiniz ki, müvafiq dövlət qurumlarının işi çoxdur. Qeyri-hökumət təşkilatları və media qurumları vətəndaş cəmiyyətində aktual layihələri üzərinə götürməklə dövlət qurumlarının yükünü azaltmış olurlar. Biz də təbii ki, bu məqsədə xidmət edirik".

Elektron dərman kataloqunun təşkilatçısı sosial şəbəkələrdə və dermaninfo.az saytına yalnız iri şirkətlərin dərmanlarının yüklənəcəyi barədə gedən söz-söhbətlərə də aydınlıq gətirdi: "Belə bir narahatçılığa əsas yoxdur. Bəzi xırda dərman firmaları narahat olurlar ki, onların gətirdikləri ticarət adları orda öz əksini tapmayacaq. Əgər onun dərmanı orda yoxdursa guya əhali tərəfindən qeyri-qanuni sayıla bilər. Qətiyyən belə düşünməsinlər. Saytın özəlliyi də budur ki, elektron kataloqda əlifba sırası ilə qeydiyyatlı bütün ticarət adları, hər bir dərman preparatı, bütün rəqiblər yer alacaq. Ayrıseçkilik ola bilməz. Elektron kataloq qeyri-kommersiya məqsədlidir və heç bir qrup maraqlarına xidmət etmir. Hər kəs bizə müraciət edib qısa bir müddətdə rəsmi və Səhiyyə nazirliyi tərəfindən yoxlanılmış məlumatları sayta təqdim edə bilər. Göstərilən müddətdə yükləmələr bitincə öz məlumatlarını gizlədən özəl strukturlar xəstəxanaların və istehlakçıların ictimai qınağına məruz qalacaqlar. Biz şəffaflığn və informativliyin əldə olunmasını birlikdə təmin etməliyik. Dermaninfo.az-da elektron dərman kataloqu bizim həyatımızın asanlaşmasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə