Xocalı Soyqırımı Türkiyədə əbədiləşdiriləcək

Xocalı Soyqırımı Türkiyədə əbədiləşdiriləcək

"Biz çox istəyərdik ki, Karabükdə Azərbaycan və onun ayrılmaz parçası olan Qarabağın adını daşıyan park və küçə olsun və o parkda Xocalı soyqırımı da daxil olmaqla soyqırıma məruz qalmış insanlarımızın xatirəsinə abidə ucaldılsın". SİA-nın məlumatına görə, bu təklifi Türkiyənin Karabük vilayətində keçirilən "Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar" adlı konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva Karabük bələdiyyə başqanı Rafet Vergili ilə görüşündə səsləndirib.

Karabük bələdiyyəsinin başqanı Rafet Vergili millət vəkili Qənirə Paşayevanın təklifini müsbət qarşılayıb və yaxın zamanlarda bu istiqamətdə işlərə başlanacağını deyib. "Qarabağ problemi təkcə Azərbaycan xalqının deyil, bütün türklərin ağrısı, acısıdır", - deyən bələdiyyə başçısı bundan sonra da daim Azərbaycanın yanında olacaqlarını bəyan edib. Millət vəkili Qənirə Paşayeva Karabük bələdiyyə başqanı Rafet Vergiliyə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar, materiallar, filmlər də təqdim edib. Karabük bələdiyyə başqanı Rafet Vergili ilə görüşdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının qədim yurd yerlərindən olan Karabüklə Azərbaycanın qədim və gözəl bolgələrindən birinin qardaşlaşmış şəhərlər, bələdiyyələr olması təklifini də irəli sürüb və onun bu təklifi də bələdiyyə başçısı tərəfindən müsbət dəstəklənib. Millət vəkili Qənirə Paşayeva Karabük bələdiyyə başqanı Rafet Vergilini Azərbaycana rəsmi səfərə dəvət edib. Azərbaycanı vətəni kimi sevdiyini deyən Karabük bələdiyyə başqanı Rafet Vergili Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacağını deyib. Görüş zamanı bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitablarını da bələdiyyə başqanına və üzvlərinə təqdim etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə