Çağırışçılar hərbi xidmətə yollandı

Çağırışçılar hərbi xidmətə yollandı

Ali Baş komandan prezident İlham Əliyevin müvafiq sərəncamından sonra çağırış yaşı tamam olan gənclərin həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Ağcabədidə çağırışçıların təntənəli şəkildə hərbi hissələrə yola salınma mərasimi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə rayon rəsmiləri, veteranlar, müharibə iştirakçıları, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin rəisi Şaiq Məmmədov bildirib ki, dövlətin hərbi sahənin qüdrətlənməsi üçün göstərdiyi qayğının təzahürüdür ki, Azərbaycan Ordusu istər hərbi strateji sahədə, istərsə də silah sursat həcminə və mənəvi gücünə gorə, regionun ən güclü ordusudur. Bütün bunlara isə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın, bu gün Ali baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi üçün nail olunub.

Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov çıxış edərək bu gün hərbi xidmətə yola düşən cavanları və eləcə də onların valideynlərini təbrik edib, vətəni qorumaq kimi şərəfli bir işdə onlara uğurlar arzulayıb. Daha sonra natiq çıxışında cəbhəyanı ərazidə yerləşən Ağcabədinin Qarabağ savaşında əzmkarlıqla döyüşdüklərini və onların düşmənin rayon ərazilərinə daxil olmaması üçün lazım gəldikdə həyatlarını belə qurban verərək şəhid olduqlarını gələcək əsgərlərə bir daha xatırlatdı.

Daha sonra valideynlər və çağırışçılar çıxış edərək xidmət zamanı bütün əmr və tapşırıqları ləyaqətlə yerinə yetirəcəklərini və lazım gələrsə Ali baş Komandan cənab İlham Əliyevin əmrilə düşmən üzərinə gedəcəklərini əzmkarlıqla bildirdilər. Rəsmi mərasimdən sonra Ağcabədi rayon mədəniyyət kollektivlərinin mahnı və rəqs nömrələri ifa edildi.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə