Narkomaniyadan necə qurtulmalı?

"Bizim Gənclik" İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi" layihəsinin icrası davam edir.

Qeyd edək ki, layihə çərçivəsində ölkə miqyasında, xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirməklə gənclərdə, bütövlükdə cəmiyyətdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinə nail olunması nəzərdə tutulur. Bununla bağlı layihənin İcra Planının fəaliyyət istiqamətlərinə uyğun növbəti tədbir Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) iştirakı ilə cari ilin oktyabr ayının 12-də Sumqayıt Tarix muzeyinin konfrans zalında həyata keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, İcra Hakimiyyəti yanında yerli komissiya üzvləri, QHT-lər, gənclər təşkilatlarının nümayəndələri və aparıcı təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbir iştirakçılarına ölkədə bu sahədə aparılmış uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. Dövlətin bu sahədə əsas prioritet istiqamətlərindən sayılan yeni Dövlət Proqramının hazırlanmasında yerlərdən ola biləcək təkliflərin ümumiləşdirilməsi ilə bağlı müzakirələr də aparılıb.

Ölkədəki narkosituasiyaya dair geniş təqdimatla çıxış edən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev Azərbaycan hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək, vətəndaş cəmiyyətinində proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

Sonra o, Azərbaycanın regionda bütün sahələr üzrə qabaqcıl rola malik olduğunu xüsusi bildirməklə, maarifləndirmə-təbliğat işlərində yeni metodların, qabaqcıl təcrübənin mənimsənilərək yeni Dövlət Proqramının (2007-2012-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı artıq başa çatmaq üzrədir) işlənilməsində nəzərə alınması kimi məsələlərin həllindən danışıb.

Onun fikrincə məhz birgə mübarizə, narkomanlığa və narkotik vasitələrin yayılmasının qarşısının alınmasında yeni metod və hazırlanacaq yeni Dövlət Proqramı tətbiqi narkotikə aüdə olunmuş insanların sayını azaltmaqla, sağlam ailə,bütövlükdə sağlam cəmiyyətin formalaşmasına zəmin yaradacaqdır.

Mövzu ətrafında edilən çıxışlarda narkomaniya ilə mübarizədə maarifləndirmə-təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi xüsusi olaraq bildirilib.

Birlik tərəfindən cəmiyyətin narkomaniya əleyhinə maariflənməsi üçün hazırlanmış metodoloji vəsaitlərin (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər) paylanması həyata keçirilib.

Narkomaniya əleyhinə bu cür tədbirlərin davamlı və ardıcıl şəkildə keçirilməsi narkomaniya ilə mübarizəni daha da gücləndirməklə cəmiyyətimizi bu istiqamətdə daim məlumatlandıracaq, bu da vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə