Azərbaycan hökuməti əhalinin kommunal sektordakı tələbatını tam ödəməyə hazır olacaqmı?
Bir neçə aydan sonra qış yenə qapımızı döyəcək. Yəni Bakıya qəfil güclü qar da yağa bilər, şaxta da düşə bilər, soyuqlar da ola bilər. Heç bir məmləkət və heç bir şəhər qəfil hadisələrdən sığortalanmayıb. Bəs onda görəsən, Bakıda qışa hazırlıq işləri hansı səviyyədədir? Və daha doğrusu, şəhərimiz qışa hazırdırmı? Doğrusu, bu sual bizi çox düşündürürdü...İşığa, qaza olan tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri yenidən gündəmə gələcək. Azərbaycan hökuməti əhalinin kommunal sektordakı tələbatını tam ödəməyə hazır olacaqmı? Elə paytaxt sakinləri də ölkənin elektrik enerjisi, istilik və qaz təsərrüfatı müəssisələrinin qışa hazırlıq tədbirlərindən narazıdırlar. Abunəçilər xüsusən qaz və istilik təchizatındakı vəziyyətin dözülməz həddə olduğundan gileylənir.
Paylayıcı şəbəkə olan "Bakıelektrikşəbəkə" qışda elektrik təchizatında problemlərin olmayacağını vəd edir.
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirdi ki, onlar işlərini tək qış mövsümünə görə qurmurlar: "Bayram günlərində də bizə düşən işin öhdəsindən layiqincə gəlirik. Ümumiyyətlə şəbəkəmiz hər zaman gücləndirilmiş iş rejimində çalışır. Havalar dəyişən kimi abonentlərimiz narahat olurlar. Ancaq heç bir narahatçılığa əsas yoxdur. Son 5 ildə aparılan yenidənqurma və əsaslı təmir işləri buna bariz nümunədir".
Hər bir abonentin fərdi olaraq 24 saat fasiləsiz elektrik enerjisi ilə təchiz olunacağını deyən Tanrıverdi Mustafayev əlavə etdi ki, hər hansı bir nasaz transformator və ya xətləri varsa bunu əvvəlcədən nəzərə alırlar: "Hal- hazırda bu yöndə işlər davam etdirilir. Yeni yarımstansiyaların tikintisi və əsaslı təmiri ilə yanaşı bir sıra cari tədbirlər görülür. Bir sözlə, birbaşa təftiş aparılır. İsti yay günlərindən soyuq qış aylarına keçdikdə mütləq təftiş aparılmalıdır. Ən azından transformatorların yağları dəyişdirilməli, nasazları varsa mütləq yeniləri ilə əvəz olunmalıdır. Bu istiqamətdə işlər davam etdirilir. Hava şəraitindən asılı olmayaq abonentlər hər hansı bir problemlə rastlaşsalar, o zaman 199 saylı telefona zəng edə bilərlər. Bir sözlə Bakıelektrikşəbəkə payız qış mövsümünə hazırdır".
"Hava nə qədər küləkli və ya qarlı olsa da, abonentlər işıqdan rahatlıqla istifadə edə bilərlər"
Mətbuat xidmətinin rəhbəri sonda onu da qeyd etdi ki, Bakı və şəhərətrafında yeni inşa olunan transformator məntəqələri və yarımstansiyaları qoruyuculara malikdir: "Hava nə qədər küləkli və ya qarlı olsa da, abonentlər işıqdan rahatlıqla istifadə edə bilərlər. Abonentlərdən isə yalnız bir xahişimiz var ki, işlətdikləri elektrik enerjisinin haqqını vaxtlı- vaxtında ödəsinlər. Bununla bağlı da artıq son xəbərdarlıqlar edilib".
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov da öz növbəsində qışın soyuğuna davam gətirəcəklərini bəyan etdi.
Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyi hələ may ayından etibarən payız- qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlayıb: "Həm respublika regionlarında, həm də Bakı şəhərindəki qaz istismar sahələrində görüləcək işlər planlaşdırılıb. Həmin işlər də demək olar ki, artıq yekunlaşıb. Payız mövsümündə əhalini, eləcə də istehlakçılarını fasiləsiz və keyfiyyətli qazla təmin etmək üçün bütün qaz tənzimləyici qurğular təftiş olunub və nasazlar yenisi ilə əvəz olunub. Qaz siyirtmələri yoxlanılıb və lazımı olanlar yeniləri ilə əvəz olunub. Köhnə qaz xətləri isə yeniləri ilə dəyişdirilib. Magistral qaz xətləri isə politelinlərlə əvəz olunub. Bir sözlə, "Azəriqaz" İstehsalat Birliyi payız- qış mövsümünə tam hazırdır".
"Bu da Bakının mərkəzində qazla bağlı heç bir problem yaratmayacaq"
Neftçilər prospektində infrastruktur dəyişiklər aparılanda "Azəriqaz" İB tərəfindən 3600 metr yeraltı köhnə polad qaz kəməri politelinlə əvəz olundu deyən T. Kazımov əlavə etdi ki, orada 9 yerdən ayrılmalar edildi. Bu da Bakının mərkəzində qazla bağlı heç bir problem yaratmayacaq: "Bununla yanaşı, bölgələrdə də hazırlıq işləri yekunlaşmaq üzrədir. Hal- hazırda qışa hazırlıqla bağlı əməkdaşlarımız monitorinqlər aparır. Onlar quraşdırılan qaz şəbəkələrinə yenidən baxış keçirirlər. Respublikanın cənub bölgəsində qazlaşdırılma prosesi gedir. Lənkəran və Masallı rayonlarında gücləndirilmiş iş rejimi tətbiq olunur. Belə ki, Lənkəran rayonunda 16 yaşayış məntəqəsində qazlaşma işləri davam etdirilir. Masallının 7 yaşayış məntəqəsində isə qazlaşma prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə isə orada açılış olacaq. Bu proses bütün regionları əhatə edəcək".
Azəriqaz İB-nin rəsmisi sonda qeyd etdi ki, 2013-cü ilin sonuna qədər respublikanın 95 %-i qazla təmin olunmalıdır və bu istiqamətdə bütün lazım olan tədbirləri həyata keçirilir.
Beləliklə "Azəriqaz" İstehsalat Birliyi də qışa tam hazır olduğunu bəyan edir. Ancaq o da danılmaz faktdır ki, hələ havalar soyumamış mənzillərə verilən qazın təzyiqi aşağı düşür.
Təbii ki, bu mövsümdə yaşanan ən vacib problemlərdən biri də yağan yağışların kanalizasiya xətlərini sıradan çıxarmasıdır. Bu da yollarda əhalinin rahat gediş- gəlişinə maneə yaradır. Bunun aradan qaldırılması üçün hansı tədbirlər görülür, sualına isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəsmisi cavab verdi.
"Bu mövsümdə yağış sularının axıdılması və kanalizasiya xətlərində yaranan problemlər daha çox olur"
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayılov bildirdi ki, qurum payız- qış mövsümünə hazırlığını iki istiqamətdə davam etdirir. Onun sözlərinə görə, bu mövsümdə yağış sularının axıdılması və kanalizasiya xətlərində yaranan problemlər daha çox olur: "Bunu nəzərə alaraq problemlərin aradan qaldırılması istiqamətində işlər görmüşük. Bu ilin 9 ayı ərzində təkcə Bakı şəhərində 50 km-dən artıq kanalizasiya kollektorları və xətləri inşa edilib. İlin əvvəllərində aparılan monitorinqlər zamanı məlum oldu ki, 60-dan çox küçə və prospektlərdə ciddi problemlər mövcuddur. Layihələrimizi də ilk olaraq həmin ərazilərdə həyata keçirdik. Əsas işimiz Bakı şəhərinin hər bir küçə və prospektində yağış barmaqlıqlarının quraşdırılmasıdır. Hazırda Bakıda cəmi 11 % yağış barmaqlıqları mövcuddur".
Həmişə qış gəlməmişdən, qışa hazırlıqla bağlı müxtəlif təşkilatlar və onların rəhbərləri danışırlar ki, biz qışa hazırıq. Ancaq elə ki, Bakıya bir az qar düşür, havalar soyuyur, nə mənzillərdə istilik sistemi işləyir, nə qaz normal gəlir, nə də elektrik enerjisi fasiləsiz əhaliyə verilir. Qarın yağması nəticəsində isə müxtəlif yollarda problemlər yaranır, nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşür. Keçən qış mövsümlərində də biz bunun şahidi olmuşuq. Bakıya bir-iki gün qar yağdı, onda aləm bir-birinə qarışdı və nəqliyyat vasitələrinin hərəkəti iflic vəziyyətinə düşdü".
Sonda isə təbiətin bu qış qəfil qar, şaxta və soyuqla bizləri sınağa çəkməməsi üçün Allaha dua edək, çünki əhalinin gücü yalnız verilən vədlərə və söylənən fikirlərə inanmaqla tamamlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB