Mübariz Qurbanlı: "Müxalifət mənim rəsmi etirazıma layiq deyil"

Mübariz Qurbanlı: "Müxalifət mənim rəsmi etirazıma layiq deyil"

"Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan şəxslərin, o cümlədən hakim partiyadan olan millət vəkillərinin Gülər Əhmədova barəsində dediyi sözlər təhqir yox, tənqiddir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ötən gün Gülər Əhmədovanın sosial şəbəkədə yaydığı müraciətə münasibət bildirərkən deyib. M.Qurbanlı bildirib ki, Gülər Əhmədova həmin video hadisəsindən sonra özü istefa verib. Bu gün hər kəsin azad cəmiyyətdə yaşadığını deyən YAP rəsmisi vurğulayıb ki, ölkədə mətbuat da azad fəaliyyət göstərir.

"Mətbuatın sualını cavablandırmaq isə borcumuzdur. Bu məsələ ilə bağlı ayrı-ayrı deputatlara, partiyanın rəhbərliyində olan şəxslərə suallar verilib. Onlar isə heç bir təhqiredici fikir səsləndirmədən öz münasibətlərini açıqlayıblar. Amma müxalifətin radikal qanadının təsiri altında olan mətbuat orqanlarında, xüsusilə "Azadlıq", "Yeni Müsavat" qəzetlərində Yeni Azərbaycan Partiyasının üzvü olan şəxslərin hadisə ilə bağlı dediyi fikirlər bəzi hallarda təhrif olunur. Burada da məqsəd qızışdırıcılıq, qarşıdurma yaratmaq, müxtəlif vasitələrlə bu mövzunu daha çox gündəmdə saxlamaq məqsədi daşıyır. Biz bununla bağlı fikirlərimizi dedik, dəfələrlə yenidən bu fikirlərə, söhbətlərə qayıtmağa ehtiyyac yoxdur. Gülər Əhmədova da özü artıq sosial şəbəkələrdə hansısa məsələrə reksiya vermədiyini bildirir. Axırıncı reksiyasına da cavab olaraq deyirəm ki, bütün çıxışlar götürüb baxıla bilər və onların heç birində təhqir yoxdur", - deyə M.Qurbanlı əlavə edib.

YAP-ın icra katibinin müavini "Azadlıq" qəzetinin bugünki sayında dərc olunan məsələyə də münasibətini açıqlayıb. M.Qurbanlı qeyd edib ki, "Azadlıq" qəzeti onun fikrilərini həyasızcasına təhrif edib: "Obyektiv TV-yə müsahibə vermişəm. Lakin bu müsahibə yalnız Gülər Əhmədova ilə bağlı deyil, müxalifətin radikal qanadının mitinq keçirməsinə, mitinqə çağırışı ilə əlaqədar mövqeyizimizin öyrənilməsinə həsr olunub. Geniş müsahibədə müxtəlif məsələlərə toxunmuşam, o cümlədən Gülər Əhmədova ilə əlaqədar yaranmış situasiya ilə bağlı sualı cavablandırmışam. Lakin "Azadlıq" qəzetində Natiq adlı birinin imzası ilə çox yaramaz bir hərəkətə yol verilib. Mənim adımdan olmayan bir ifadə yazılıb. Guya mən bu müsahibədə Gülər Əhmədovanı aşağılayan hansısa bir ifadə işlətmişəm. Ümumiyyətlə, leksikonumda belə bir ifadə heç bir zaman olmayıb. Bu məsələ ilə əlaqədar birmənalı təkzib bildirirəm. Mənim Obyektiv TV-dəki çıxışım oradadır və istənilən vaxt hər kəs baxa bilər. Əgər "Azadlıq" qəzetinin rəhbərliyində olan şəxslərin gözləri kor, qulaqları kar deyilsə, buna açıq baxsınlar ki, o müsahibədə hansısa təhqir ifadəsi işlətmişəm, ya yox. Mən obyektiv adamam və obyektiv fikirlərimi demişəm. Hansısa çıxışımda kimisə aşağılayan bir fikir səsləndirməmişəm. O termini heç dilimə gətirmək istəmirdim, amma qəzet yazır ki, guya mən parazit sözü işlətmişəm. Bu termini heç bir zaman istifadə etməmişəm və indiyə qədər də hansısa çıxışımda buna heç kim rast gələ bilməz. Ona görə də bu məsələ ilə bağlı "Azadlıq" qəzetinin səhifəsini hazırlayanlara etirazımı bildirirəm. Qızışdırıcılıqla məşğul oldunuz kifayətdir. Onsuz da siz Azərbaycanda qızışdırıcılıq və şər-böhtan yuvası hesab olunursunuz. Bununla əlaqədar onlara rəsmi də yaza bilərdim. Ancaq onlar buna layiq deyillər. Çox istərdim ki, bu mövqeyim çatdırılsın və bilinsin ki, mən təhqiramiz ifadələr işlətmirəm. Həmin çıxışım da olduğu kimi Obyektiv TV-də qalıb. Bununla bağlı Obyektiv TV rəhbərliyinə öz fikrimi çatdırdım. Onlar da çoz təəccübləndilər ki, olmayan bir şeyi necə qəzet səhifəsinə çıxartmaq olar".

Qeyd edək ki, "Azadlıq" qəzetinin bugünki sayında qeyd olunub ki, YAP rəsmisi Mübariz Qurbanlı "Obyektiv TV"yə müsahibəsində Gülər Əhmədovanı təhqir edib: "YAP-ın icraçı katibi Əli Əhmədov baş verənlərə və partiya nümayəndəsinin parlamentdə ləyaqətsiz hərəkətlərinə obyektiv qiymət verib və bununla da məsələyə nöqtə qoyulub. Hər nöqteyi-nəzərdən imkanları olan Azərbaycan yetişmiş almaya bənzəyir ki, ona mütləq qurd düşər. Bir parazit üzündən meyvəni atmayacağıq ki!".

Bütün xəbərlər Facebook səhifəmizdə