Milli QHT Forumunun sosial layihəsi Gəncə şəhərində təqdim edilib
Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində Gəncə Dövlət Universitetinin konfrans zalında seminar həyata keçirdi. Qurumdan SİA-ya verilən məlumata görə, ilk öncə Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədovla nümayəndə heyətinin görüşü keçirilib. Rektor E. Məmmədov universitetin uğurlu fəaliyyəti haqqında məlumat verib. Hazırda 5000 tələbənin təhsil aldığı Gəncə Dövlət Universitetinin həm ölkədə, həm də beynəlxalq layihədə uğurla iştirak etdiyini qeyd edib. Bu ildən etibarən Gəncə Dövlət Universitetində "Sosial iş" fakültəsinin yaradılması və yeni kadrların yetişməsi vətəndaş cəmiyyətinin inkişafında töhfə ola bilər.
MQF-nin prezidenti Rauf Zeyni nümayəndə heyətini qəbul etdiyinə və tədbirin keçirilməsinə ev sahibliyi etdiyinə görə Gəncə Dövlət Universitetinin rektoru E.Məmmədova minnətdarlığını bildirib. R.Zeyni MQF-nin yaranma tarixi, fəaliyyəti, 5 (beş)regionda fəaliyyət göstərən RQRTM-lər, koordinasiya mərkəzləri haqqında məlumat verib.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Qardaşov tədbiri giriş sözü ilə açıb, Milli QHT Forumu haqqında iştirakçılara məlumat verib. Layihəni təqdim edən MQF-nin prezidenti Rauf Zeyni bu haqda geniş məlumat verib. Eyni zamanda layihənin slayd təqdimatı olub.
Qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların hüquqlarını təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaq.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev sosial sahədə dövlətin apardığı siyasət haqqında, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, beynəlxalq təcrübə və sosial sahədə yeni düşüncə və yeni model haqqında geniş əhatəli məruzə ilə çıxış edib.
Daha sonra MQF Şəmkir RQRTM-in direktoru Fuad Bədəlov Gəncədə 200-ə qədər qht-nin, 70-ə qədər qht-nin isə müstəqil fəaliyyət göstərdiyini və bu kimi layihələrin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. MQF Gəncə Şəhər koordinatoru, Bilik və Maarifçiliyin İnkişafı İB-nin sədri Camal Məmmədov, Əlil Qadınlar Cəmiyyətinin sədri Elmira İsmayılova, Gəncə Uşaq Fondunun sədri Rövşən Novruzov çıxış edərək bu məsələlərə öz münasibətini bildirib.
Tədbirdən sonra nümayəndə heyəti Gəncə Uşaq Fondunun qonağı olub və 10 ildir fəaliyyət göstərən Fondun fəaliyyəti ilə yaxından tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB