İslam Kərimovun rəsmi qarşılanma mərasimi olub

İslam Kərimovun rəsmi qarşılanma mərasimi olub

Bu gün Azərbaycana rəsmi səfərə gələn Özbəkistan prezidenti İslam Kərimovun rəsmi qarşılanma mərasimi olub. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu qarşılayıb.

Prezidentlər İlham Əliyev və İslam Kərimov fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Özbəkistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət rəsmiləri Özbəkistan Prezidenti İslam Kərimova, Özbəkistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi fotoşəkil çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə