Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün İsrailin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. DİN-dən SİA-ya verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğu, hər iki ölkə Prezidentinin iradəsilə daha da möhkəmləndiyini, İsrail Dövlətinin Prezidenti cənab Şimon Peresin Azərbaycana ilk rəsmi səfərinin və bu zaman imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyi diqqətə çatdırılmış, belə əlaqələrin Daxili İşlər nazirlikləri səviyyəsində də özünü qabarıq şəkildə büruzə verdiyi bildirilib.
Daha sonra nazir DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə məlumat verib.
Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan general-polkovnik Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb.
Dörd il öncə həmkarının dəvəti ilə İsrailə səfər etdiyini xatırladan general-polkovnik Ramil Usubov orada keçirdiyi görüşləri, hər iki dövlətin daxili işlər orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin ətraflı müzakirə olunduğunu, eləcə də dünya ictimaiyyətini narahat edən transmilli mütəşəkkil cinayətkarlığın təzahürləri, o cümlədən terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizənin zəruriliyi barədə faydalı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladıb, İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin də öyrənilməsinin vacib olduğunu qeyd edib.
Səfir Rafael Harpaz səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, diplomatik fəaliyyəti ilə əlaqədar bir çox ölkələrdə çalışdığını, lakin ictimai asayişin, sabitliyin yüksək səviyyədə təmini baxımından Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu nəzərə çatdıraraq, paytaxtın simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından məmnunluğunu bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB