Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun Səs TV-yə müsahibəsi
- Toy və yas məclislərində daha çox imkanlı şəxslər tərəfindən masaya müxtəlif növ yeməklər, cürbəcür meyvə tərəvəzlər, sular düzülür, bir sözlə israfçılığa yol verilir. Bu məsələnin köklü həlli mümkündürmü?
- Bu mümkündür. Sizin də dediyiniz kimi toy və yas mərasimləri öz əndazəsindən, ölçüsündən çıxıb. Toy elə bir mərasimdir ki, bura ən yaxın insanları dəvət etmək lazımdır və bu insanlar o sevincə, şadlığa gəlib qoşulmalıdır. Amma toyu biz az qala siyasiləşdirmişik. İndiki toylara fikir versək, insanlar daha çox toyun həcmini genişləndirməyə, iştirak edənlərin say üstünlüyünə diqqət edir. Şadlıq evlərinə daxil olanda səs-küydən, qarışıqlıqdan heç nə eşitmək olmur. Əslində toy məclisinə yaxınlar dəvət olunur. Bugünkü məclislərdə isə dəvətlilərin böyük hissəsi bir-birini tanımır. Toyda əslində insanlar bir-biri ilə deyib gülməlidir, sevinməlidirlər, oynamalıdırlar. Sevinmək, deyib gülmək üçün daha yaxın adamlar olmalıdır. Bəzən süfrənin arxasında tamam yad, tanımadığın bir adam olur və adamla dil tapmaq üçün müəyyən vaxt tələb olunur. Vaxtı ilə olan toylara baxsaq, görərik ki, ən hörmətli, mötəbər adamların toyları çox yığcam bir dairədə olub. Adi bir vətəndaş öz övladına toy edir. Toyda çox sayda adam iştirak edir. Toy öz ölçüsündən çıxaraq bəy-gəlinə, tədbir iştirakçılarına, ev yiyəsinə yorğunluq gətirir. Nəticədə, insanlar toyu əzablı bir iş kimi qəbul edirlər. Çalışırlar ki, loru dildə desək, tez müddətdə toya pullarını yazdırıb tez çıxıb getsinlər. Elə toylarda istirahət etmək mümkün olmur.
Yas mərasimlərinə gəldikdə isə, bu mərasim də ev yiyələrinə əziyyət olub. Birinin evində yas olur. Görürsən ki, bu adamın başı qarışıb. Bu insan bu ölünü dəfn etməlidir, mərasimi keçirtməlidir. Amma bu şəxsin başı qarışır qonaqları ağırlamağa, yemək, içmək müxtəlif növ tərəvəzlər təşkil etməyə. Süfrədə hər şey olmalıdır narahatçılığı ilə yas mərasimi də öz əndazəsindən, mahiyyətindən çıxır. Nəticədə insan öz ölüsünün dərdini, qəmini çəkməkdən, bu faciəni yaşamaq hissindən uzaqlaşır. Qonaqları necə yola salacağını düşünür. Bunun yolu budur ki, Azərbaycanda kifayət qədər tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, söz sahibləri, cəmiyyətdə nüfuz sahibləri bu məsələdə də ilk addımı atmalıdırlar. Toyu çox dar bir dairədə etməlidirlər. Ən yaxın adamları dəvət etməlidirlər. Bu nümunəyə çevrilməlidir. Yas mərasiminin təşkilində də elə etməlidirlər ki, dədə-baba qaydasına keçməklə yasda yeməklərin verilməsi, müxtəlif sular və tərəvəzlərin verilməsi bütün bunlar yığışdırılmalıdır. Hiss olunmalıdır ki, bu insan yas mərasiminə gedir. Əgər bu yas mərasimidirsə, burada olan hər şey süfrə arxasında yeyib içməkdən ibarət olmamalıdır. İlk addımlar müəyyən adamlar tərəfindən atılmalıdır. Cəmiyyətdə bu gün elə bir vəziyyət yaranıb ki, imkansız adam da toy edəndə və yaxud yası düşəndə o rəqabət prosesinə girişir. Artıq burda onu maraqlandırmır ki, o borca düşə bilər, sabah taleyi necə olacaq. O , kimlərdənsə geri qalmamaq üçün, onunla rəqabətə girir ki, sabah qonşu, dost-tanış, ətrafdakı insanlar bunu qınayar ki, ata-anasının, qohumunun yasında yaxşı yemək vermədi. Cəmiyyət bizdən ibarətdir. Mən belə düşünürəm ki, nüfuz sahibləri bu işə əncam çəksələr, nümunə olsalar toy da, yas da öz əndazəsinə qayıdar. Açıq deyək ki, bunun başqa tərəfləri də var. Məsələn, toy olunur, amma bəzən bu, ailəyə heç bir xoşbəxtlik gətirmir. Əksinə faktlar var ki, toyda bəylə gəlini bir müddət şadlıq evlərindən buraxmırlar ki, borcu qaytarsın. Halbuki, o toyda toplanan pullar bəy və gəlinin gələcək səadəti üçün xərclənməlidir. Evi yoxdursa, imkan daxilində ev almalıdır, dolanışığını qurmalıdır. Bəzən bizim cəmiyyətdə o insanlar var ki, ailə qururlar ayrılırlar, onların bir qisminin kökündə maddi imkansızlıq dayanır. Biz bir ailənin xoşbəxtliyini istəyiriksə, o toyu elə keçirək ki, orda israfçılıq olmasın.
- Qəbiristanlıqlarda məzarlar üzərində sanki muzeylər yaradılır, böyük maliyyə vəsaiti hesabına abidələr qoyulur. Elə bil imkanlı insanlar bir–birilə yarış keçirirlər. Bu adət-ənənəmizə, dinimizə, dünyasını dəyişən şəxsə hörmətsizlik deyilmi?
- Bu mənəvi cəhətdən istənilən bir ailənin əzab çəkməsidir. Belə olmayanda cəmiyyətimizin müəyyən bir qismi mərhumun yaxınlarını qınaq obyektinə çevirir ki, filankəsin atasının, anasının qəbri muzeyə çevrilməyib, onun ətrafında gül-çiçək yoxdur, o hasarlanmayıb. Dini tərəfdən belədir ki, istənilən qəbir müəyyən müddətdən sonra torpağa qarışmalıdır, itməlidir. Bəşəriyyət yaranandan nə qədər insanlar dünyasını dəyişib. Bu qəbirlərin hamısı muzey şəklini alsaydı, dünya elə qəbirlərdən ibarət olardı, yaşamaq mümkün olmazdı. Dünya inkişaf edir, nəsillər artır, dəyişir, yeniləşir. Burada da bir dəb məsələsi var ki, müəyyən imkanlı adamlar öz imkanlarına uyğun qəbiristanlıqda böyük bir imarət düzəldirlər. Müəyyən imkansız adamlar utanır ki, imarətin yanında heç olmazsa bundan zəif də olsa, nə isə yaratsınlar. Nəticədə bizim qəbiristanlıqlarımızdakı qəbir daşlarımızdan tutmuş, oradakı abadlıq işlərinin hamısı bir növ rəqabət prosesinə çevrilir. Bu yaxşı mənada rəqabət deyil. Az qala insana elə gəlir ki, istənilən bir adam sanki öz yaxının dünyasını dəyişməsini gözləyir ki, onun üçün böyük bir imarət yaratsın. Az qala bu sevincə çevrilir. Əslində bu kədərli hadisədir. Belə düşünürəm ki, qəbir daşları olmalıdır. Bu bir nişanədir. İnsanlar öz ölən yaxınlarını bayramlarda, başqa günlərdə ziyarətə getməlidirlər, yasin oxutdurmalıdırlar. Biz yaddaş tariximizi silə bilmərik. Xalqın belə bir sözü var: "Biz yeddi arxa dönənimizi tanımalıyıq". Qəbir də bir abidədir tanımalıyıq. Amma qəbiri bir imarətə, dəb-dəbəyə çevirmək, onu bir mavzoleyə çevirmək istənilən bir ailə üçün çox böyük mənəvi sarsıntıdır. Axı cəmiyyətin hamısı eyni imkanda deyil. Burada da böyük addımlar atmağa ehtiyac var. Bu addımların hamısı nümunə kimi cəmiyyətin maariflənməsinə gətirib çıxarda bilər. Bu istiqamətdə cəmiyyətdə bir dəb arxasında kortəbii axın var. Hər şey sadəlik üzərində qurulmalıdır. Nəzərə almalıyıq ki, həyatda qurub yaratmaq lazımdır. Amma qəbiristanlıqları mavzoleyə çevirmək bu qurub-yaratma deyil, insanların sosial həyatında gərginlik yaratmaq, insanlara əlavə problemlər yaratmaqdır. Belə düşünürəm ki, hər bir insana sağlığında qiymət vermək lazımdır. Ancaq dünyasını dəyişəndən sonra dəbdəbəli hasarlar çəkmək, o ölünün heykəlini qoymaq, bunların hamısı dünyada yaşayan insanlar üçün zəhmətdən, əziyyətdən başqa heç bir şey deyil.
- Son vaxtlar din pərdəsi altında siyasi məqsədlər həyata keçirmək istəyənlər də az deyil. Bir qrup adlarını dindar qoyan şəxsin Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiyanı ictimaiyyət pislədi. Məqsədi bəlli olmayan, zorakılığa söykənən dini aksiyalara münasibətiniz necədir?
- Din dövlətin işinə qarışmamalıdır. Ancaq təəssüflər olsun ki, dindən böyük bir ideologiya kimi istifadə edənlər var. Bəzən dini təsir altında olan insanlar öz seçki niyyətlərini həyata keçirmək istəyirlər. Bu qətiyyən yolverilməz bir haldır. Çünki, dini ciddi ideologiyaya çevirmək, dini insanların cəmiyyətdə birləşməsi əvəzinə, insanlar arasında nifaq salmağa çevirmək bütövlükdə cəmiyyətin ideologiyasının tərkib hissəsinə gətirmək düzgün hal deyil. Belə hesab edirəm ki, Azərbaycanda biz demokratik bir cəmiyyət qurmuşuq. Azərbaycan demokratik, dünyəvi bir dövlətdir. Vətəndaş cəmiyyəti qurulur, bərqərar olur. Amma bu, bizə hər hansı bir əsas vermir ki, istənilən bir dinin arxasınca gedək. Bu dinin arxasında kimlər dayanır, hansı ideologiyanı tələb edirlər, hansı ideologiyanı yayırlar. Bu bayraq altında gedək Azərbaycanda mitinqlər edək, istədiyimizi tələb edək. Bu ola bilməz. Bu da faktdır ki, Azərbaycan bütövlükdə islam dini güclü olan bir dövlətdir. Biz müsəlman bir dövlətik, amma biz digər dinlərə sitayiş edən insanlara hörmətlə yanaşırıq. Din öz işi ilə məşğul olmalıdır. Dindən sui-istifadə etmək olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB