Sərhəd pozucuları yaxalanıb

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr ayı ərzində dövlət sərhəddinin etibarlı mühafizəsi istiqamətində məqsəd yönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam edib.

Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 49 nəfər saxlanılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Gürcüstan, 8 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, hər ölkədən bir nəfər olmaqla Ukrayna, Qırğızıstan və Pakistan vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən 1355 halda 1614 nəfər saxlanılaraq, barələrində müvafiq tədbir görülüb. Narkotik vasitələri qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 3 kiloqram 323,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 308 min manat olan qaçaqmal, o cümlədən, 1 ədəd pnevmatik tapança üçün 4,5 millimetrlik 500 ədəd qırma, 75 ədəd 16 və 12 millimetrlik parton 1000 ədəd piston, 1 kq barıt, 1 ədəd müşahidə kamerası, 20 ədəd qısa məsafəli rabitə vasitəsi, 913 ədəd mobil telefon, 699 ədəd mobil telefon aksesuarları, 347 ədəd araq, 6325 qutu siqaret,40 min ABŞ dolları, 1450 qram gümüş zinət əşyaları, müxtəlif növ dərman preparatları, ərzaq, sənaye və kənd təsərrüfat malları saxlanılıb.

Qeyd edək ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə