Son günlər bəzi kütləvi informasiya vasitələrində Lənkəran rayonu ilə bağlı yalan və böhtan xarakterli məlumatlar yayılmaqdadır. Məlumatlarda güya İcra Hakimiyyəti tərəfindən tender keçirilmədən abadlıq işlərinin bir qisminin aparılmasının icra başcısının oğluna həvalə edilməsi, hətta bununla bağlı metlax sexinin açılması, icra başçısının məzuniyyətə gedəcəyi ilə əlaqədar məktəb direktorlarından vəsaitin toplanması barədə gülünc dogüran yazılar öz əksini tapıb. SİA-nın Cənub bürosunun əməkdaşı məsələ ilə bağlı araşdırmalara başlayıb. İcra Hakimiyyətindən müxbirimizə bildiriblər ki, Respublikamızın digər bölgələri kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Bu işlər həm Lənkəran şəhərində, həm də rayonun qəsəbə və kəndlərində görülür. Şəhərdə Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının tikintisi başa çatdırılıb, Gənclər Mərkəzinin tikintisinə başlanılıb, küçələrdə asfaltlanma işləri aparılıb, suötürücü kanallar, kollektorlar müxtəlif tullantılardan, alaq otlarından təmizlənib, park və bağlar abadlaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə sərəncamına əsasən abadlıq və binaların təmiri işlərinin görülməsi üçün keçirilmiş açıq tenderdə qalib gəlmiş "Gold Construction" MMC tikinti təşkilatı təsdiq olunmuş proqram-layihə üzrə nəzərdə tutulmuş işlərin icrasına başlayıb. Artıq şəhərdə magistral yollar boyunca ağ laylarla örtülüb, milli ornamentli istinad divarları hörülüb, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunub, üzlük çəkilib, küçələrdə divar və hasarlar suvaqlanıb, rənglənib, asfaltlanma işləri aparılıb. Şəhər küçələrində müasir elektrik işıqlandırıcıları quraşdırılıb, səkilərə tamet plitələri döşənib, Şəhidlər Xiyabanı küçəsi əsaslı şəkildə yenidən qurulub, piyada keçidləri, səkilər bərpa olunub və qəzalı vəziyyətdə olan körpünün yerində yenisi tikilib. Heydər Əliyev xatirə parkının yenidən qurulması, Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi və həmin ərazidə yaşayış evlərinin divarlarının təmir-bərkitmə işlərinin görülməsi və dam örtüklərinin dəyişdirilməsi işləri davam etdirilir.
Prezidentin Şürük-Vel-Qamışovka avtomobil yolunun yenidən qurulması ilə bağlı verdiyi sərəncama əsasən keçirilmiş açıq tenderdə qalib gəlmiş Lənkəran Yol Tikinti ASC təşkilatı tərəfindən 28 min nəfər əhalinin yaşadığı və 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolunun yenidən qurulmasına başlanmış və burada da işlər sürətlə görülür.
Nazirlər Kabinetinin 2012-ci ildə yol tikintisi ilə bağlı verdiyi sərəncama əsasən keçirilmiş açıq tenderdə qalib gəlmiş Lənkəran Yol Tikinti ASC təşkilatı tərəfindən 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Vivan-Osakücə-Türkəncil avtomobil yolu tamamilə yenidən qurulmuş, 16,5 km-lik hissəsinə isti asfalt, qalan hissəsinə çınqıl döşənməklə yol xeyli genişləndirilmiş və çətin təbii şəraitdə çəkilən bu yol üzərində Nəqliyyat Nazirliyi tərəfindən 2 yeni avtomobil körpüsü və digər suötürücü qurğular tikilib.
Bunlarla yanaşı şəhərdə qəzalı vəziyyətə düşmüş yaşayış evinin sakinləri üçün 24 mənzilli yeni binanın, Vilvan kəndində 640 şagird yerlik təzə məktəbin tikintisi, şəhərin və rayonun su-kanalizasiya sisteminin yenidən qurulması, mərkəzi xəstəxananın əsaslı təmiri, şəhərin, qəsəbə və kəndlərin qazlaşdırılması, məktəblərin və uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir. Bütün bu işlər qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilir.
Bütün bunlar göstərir ki, Lənkəran şəhərində həyata keçirilən quruculuq-abadlıq işləri ilə əlaqədar yayılmış məlumatlar heç bir əsası olmayan yalan və uydurma fikirlərdir. Görünür, şəhər rəhbərliyinin dəyişildiyi son bir neçə ay ərzində ölkə rəhbərliyinin diqqət və qayğısı və bir başa təşəbbüsü ilə Lənkəranda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində heç vaxtı olmamış həcmdə, sifarişçisi və icraçısı açıq məlum olan irimiqyaslı tikinti-quruculuq işlərinin görülməsi kimlərinsə xoşuna gəlmir, ya da bunları görmək istəmirlər.
Yazılarda göstərilən diğər məlumatlarla əlaqədar bildiririk ki, Taleh Qaraşov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olarkən ən böyük övladının 15 yaşı olmuş və nə o vaxtı, nə də indi metlax sexi olmayıb.İcra başçısının övladları ümumiyyətlə nə Lənkəranda, nə də digər bir yerdə hər hansısa tikinti işləri ilə məşğul olmayıblar. Bu cür əməllər Lənkəran Şəhər İcra Hakimiyyətinin iş prinsiplərinə və xidməti mövqeyinə yaddır.
Bir daha təəssüf edirik ki, bəzi kütləvi informasiya vasitələri faktları dəqiqləşdirmədən, qarşı tərəfin fikirini soruşmadan yalan və böhtan xarakterli informasiyalar yaymaqla tamamilə şəffaf şəkildə görülən işlərə kölgə salmağa cəhd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB