İdmançılarımız bizi sevindirdilər

İdmançılarımız bizi sevindirdilər

Keçən rübdə idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərib. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyevin sözlərinə görə, olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata biliblər: "Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə