Orta aylıq əmək haqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Prezidentin sözlərinə görə, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz: "Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir".
Ölkə başçısı regionlarda da işlərin çox uğurla davam etdirildiyini diqqətə çatdırdı: "Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılıb ki, onlardan 800 mini daimi iş yeridir. Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilb, 103 məktəb əsaslı təmir edilib. Bu proses həm Bakıda geniş vüsət alıb, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB