“Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması”

“Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması”

Bakıda "Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit) (GIZ) təşkilatçılığı ilə "Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirin məqsədi Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi barədə məlumat vermək, beynəlxalq təcrübədə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı tətbiq edilən üsul və metodları, xidməti fəaliyyətin qiymətləndirilməsinin dövlət qulluqçularının karyeralarının inkişafında rolunu və bu sahədə mövcud olan problemləri müzakirə etməkdən ibarətdir.

Tədbirdə çıxış edən komissiya sədri Bəhram Xəlilov deyib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sistemində də mühüm islahatlar aparılır. Hazırda ölkədə dövlət qulluğu sistemində gənclər üstünlük təşkil edir. Tədbirdə ABŞ, Almaniya, Avstriya, Belçika, Cənubi Koreya, Estoniya, Gürcüstan, Kanada, Litva, Moldova, Monqolustan, Monteneqro, Polşa, Rumıniya, Türkiyə, Ukrayna, Uqanda və Yaponiyanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin GİZ-in, BMT-nin İnkişaf Proqramının (UNDP), SIGMA və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycandakı ofisinin rəhbəri Henning Tvesten isə qeyd edib ki, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi çox vacibdir. Lakin bu proses zamanı dövlət qulluqçularının öz rəyləri də nəzərə alınmalıdır. Dövlət qulluğu sektorunda aparılan iş hesabatlılıq prinsipinə əsaslanmalı, xidmətin nəticəsindən asılı olaraq əməkhaqqları müəyyənləşdirilməlidir. Dövlət məmurları da öz işlərini effektiv həyata keçirməli və işçilərin qiymətləndirilməsində şəffaflıq nəzərə alınmalıdır.

Prezident Administrasiyasının kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov isə bildirib ki, hazırda Azərbaycanda şəffaf dövlət idarəçilik sistemi həyata keçirilir. 2001-ci ildən ölkədə yeni dövlət idarəçiliyinin təşkili məqsədilə normativ hüquqi baza yaradılıb.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə