PA rəsmisi: "Maaşla dövlət qulluqçusunun səmərəli işini təmin etmək olmaz”
"Təcrübə göstərir ki, yalnız maaşı qaldırmaqla dövlət qulluqçusunun səmərəli işləməsini təmin etmək olmaz. Burada bir sıra başqa amillər də var. Ona görə də ilk növbədə obyektiv qiymətləndirmə sistemi yaradılmalıdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əmək haqlarının artırılması və ya hansısa əlavələrin edilməsi sonrakı mərhələnin işidir.
V.Xələfov vurğulayıb ki, hazırda maaşların artırılması ilə bağlı qanunvericilik baxımından bütün məsələlər həll olunub. Yalnız düzgün qiymətləndirilmə sisteminin yaradılması üzərində iş aparılır: "Bu məsələdə bir çox ölkələrin təcrübəsindən istifadə edilir. Portuqaliya və Vyetnamda oxşar sistemlər var. Sadəcə həmin ölkələrin təcrübəsindən istifadə edərkən onların Azərbaycan ənənələrinə, qanunlarına uyğunluğu əsas götürülür. Dövlət qulluqçularının qiymətləndirilməsi zamanı "Dövlət qulluğu" haqqında qanunda müəyyən meyarlar var ki, ilk növbədə onlar nəzərə alınacaq. Digər tərəfdən dövlət qulluqçularını qiymətləndirmək üçün müəyyən tapşırıqlar veriləcək. Bu tapşırıqlar qısamüddətli olmayacaq. Onların yerinə yetirilməsi nəticəsində də dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək. Yeni sistemə keçmədən öncə buna hər kəs – dövlət qulluqçuları və müəssisə rəhbərləri hazır olmalıdır. Bu gün yeni qiymətləndirmə sisteminin tətbiq edilməsində ən böyük problem də bundadır", - deyə PA sektor müdiri əlavə edib.
V.Xələfov qeyd edib ki, bu prosesə gələn ilin əvvəllərindən başlanacaq: "Belə ki, 2013-cü ilin əvvəlindən Azərbaycanda dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək və bundan sonra ona uyğun maaşlar veriləcək. Hələlik qiymətləndirmə sistemini yaratmadan ikinci mərhələyə keçmək mümkün deyil".
Könül Kamilqızı
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB