Azərbaycanda dövlət qulluqçularının əmək haqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq
"Azərbaycanda dövlət qulluqçularının əmək haqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə deyib: "Hazırda bununla bağlı sənəd üzərində iş gedir. Bu motivasiya məsələsidir, yəni kim daha çox işləyirsə, o daha çox əmək haqqı almalıdır".
B.Xəlilov qeyd edib ki, sənədi 2014-cü ilədək hazırlamaq nəzərdə tutulub: "Lakin çalışacağıq ki, daha tez zamanda bu sənədi hazırlayaq, beynəlxalq ekspertizadan keçirək, vətəndaş cəmiyyətinin müzakirəsinə çıxaraq", -deyə komissiya sədri bildirib.
Komissiya sədri həmçinin ali təhsili olmayan şəxslərin dövlət qulluğuna xitam verilməsinə də münasibət bildirib: "Dövlət qulluğu haqqında" qanunda nəzərdə tutulur ki, inzibati vəzifə tutan şəxslərin ali təhsili olmalıdır. Hər bir vəzifə üzrə tələblər, o cümlədən ixtisas tələbləri müəyyən edilib ki, bunlar da ali təhsilin olmasını zəruri edir. Ali təhsili olmayan şəxs həmin vəzifələrin tutulmasına uyğun gəlmir. Mərkəzi İcra Hakimiyyəti orqanlarında ali təhsili olmayan şəxslərin sayı çox azdır. Onların müəyyən olunması ilə komissiya yox, həmin dövlət orqanları məşğuldur".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB