"Xəzər dənizi bölgənin ən strateji nöqtəsidir"

"Xəzər dənizi bölgənin ən strateji nöqtəsidir"

Cümşüd Nuriyev: "Xəzər Azərbaycan dövlətinin iqtisadi tituludur"

Müsahibimiz politoloq Cümşüd Nuriyevdir

- Cümşüd müəllim Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranla eləcə də Türkmənistanla aydınlaşmayan məsələlər var. İran və Türkmənistan bu problemin aradan qaldırılması üçün danışıqlar prosesini uzatmağa çalışmaları müəmmalı suallar yaratmır ki?

- Beynəlxalq hüquqi müstəvisində araşdırdıqda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi məsələsində heç bir problem nəzərə çarpmır. Belə ki, Xəzərin hüquqi statusu məsələsi 1994 -cü ildə "Əsrin müqavilə"si imzalanmamışdan öncə yaradılan suni bir problemdir. İranın və digər dövlətlərin hər hansısa məsələni iddia etməsi sözsüz ki, siyasi böhtandır. Çünki İran dövləti ərazinin 5 hissəyə bölünməsini istəyir. Belə çıxır ki, İran dövlətinin şimal sərhədi, Kür çayının töküldüyü hövzəyə qədər gəlib çıxmalıdır. Əvvəllər Türkmənistan dövləti Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinə normal yanaşırdı. Yəni bu dövlət Azərbaycan dövlətinə qarşı aqresivlik nümayiş etdirmirdi. Türkmənistanın belə davranmasına səbəb Azəri-Çıraq-Günəş yatağından çıxarılan neftin Azərbaycan dövlətinə məxsus olması məsələsi ilə bağlı idi. Əslində Beynəlxalq daxili dəniz konvensasiyasına əsasən dənizlərin ortaq sərhədi onların sahildən bərabər məsafədə keçən xətt istiqamətində götürülür. Bu konvensasiyada isə dənizin dibinin bölünməsindən söhbət getmir. Belə bir şəraitdə Türkmənistanın irəli sürdüyü bu iddia beynəlxalq konvensasiyaya ziddir. Əslində isə bu dövlətlər Azərbaycana xərclənən karbohirdogen yataqlarının Avropaya çıxarılmasına qısqanclıqla yanaşırlar. Bu qısqanclığıda qeyri-qanuni olaraq hüquq müstəvisinə çəkmək istəyirlər. Bu isə siyasi səf və böhtandır.

- Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb. İranda eyni zamanda Xəzər sularında hərbi təlimlər keçirir. Türkmənistanda eyni mövqedədir. Nəticə etibarilə hərbi təlimlərin keçirilməsində əsas məqsədi nədir və bütün bunlar Xəzər dənizində olan balıqlar və digər canlıların məhv olmasına gətirib çıxarmırki?

- Rusiya, İran eləcə də, Türkmənistan dövlətinin Xəzər dənizində təlimlər keçirmək üçün heç bir əsası yoxdur. Çünki Xəzər qapalı hövzədir. Buna görə də Beynəlxaq konvensasiyaya əsasən isə qapalı hövzələrdə hərbi təlim keçirilməməlidir. Əgər Rusiya dövlətinin məqsədi hərbi təlimlər keçirməkdirsə nəyə görə Baykal gölündə bu təlimləri keçirmir. Ümumiyyətlə, daxili hövzələrdə təlim keçirmək düzgün olmayan, qeyri-qanuni bir işdir. İnkişaf etmiş və inkişaf etməkdə olan hər hansı dövlət belə ağlasığmaz hərəkətlər etmir. Belə ki, Türkiyə dövləti heç bir zaman Mərmərə dənizində hərbi təlimlər keçirmir. Çünki Mərmərə dənizi Türkiyə dövlətinin daxili dənizi və hövzəsidir. Bir sözlə, Rusiya və digər dövlətlərin Xəzər dənizində hərbi təlimlər keçirməsi Azərbaycana hərbi əzələ nümayiş etdirməkdən ibarətdir. Bu dövlətlər siyasi təzyiqlər göstərməklə vəziyyətimizi çətinləşdirmək istəyirlər. Dünya dövlətlərinə özünü sivil bir dövlət kimi tanıdan Rusiya və İran dövlətləri Xəzər dənizindəki canlı aləmin, fauna və floranın məhvinə səbəb olurlar. Əvvəllər nərə balığını, kürünü Azərbaycan istehsal edirdi. Bu hərbi təlimlər vasitəsi ilə balıq sürüləri istiqamətini dəyişirlər. Bu balıq sürüləri isə İran tərəfinə keçə bilmirlər. Çünki burada Xəzər dənizi dərindir. Dərinlikdə isə afmosfer təzyiq yüksək olduğu üçün balıqlar orada boğulur, məhv olurlar. Balıqlar keçirilən təlimlər nəticəsində Volqa çayı hövzəsinə hərəkət edirlər. Bu isə qabaqcadan düşünülmüş bir şeydir. Bu dövlətlər Azərbaycanı sıxışdırmağa çalışırlar.

- Xəzər dənizində hasil olan neft və qaz resuslarının insanların rifah halının yaxşılaşdırılmasına sərf edildiyini demək olarmı?

- Region dövlətləri çıxarılan neft və qaz resuslarından müxtəlif məqsədlər üçün istifadə edir. Lakin Azərbaycanda hasil olan neft və qaz resusları ölkənin valyuta sisteminin artırılmasına, iqtisadi potensialın güclənməsinə xidmət göstərir. Azərbaycan bütün dünya dövlətlərinə göstərdi ki, neft və qaz satışından əldə olunan gəlirlər Azərbaycanın yenidən qurulmasına, yeni iqtisadi inkişaf modelni seçməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına kömək edir. Ölkəmizin büdcəsi hər il kifayət qədər artır. Son beş ildə müqayisədə Azərbaycanın büdcəsi təxminən 5 dəfəyə qədər artıb.

- Xəzər dənizi Azərbaycan üçün nə deməkdir?

- Xəzər dənizi Azərbaycanın tək iqtisadi titulu deyil, həm də yaşayış məkanıdır. Xəzər gözəllik timsalıdır. Çünki xəzər sahilində Bakı, Lənkəran, Sumqayıt kimi şəhərlər yerləşir. Dünyada çox az şəhərlərin belə strateji gözəl mənzərəli dənizi və onun qoynunda yerləşən şəhərləri var. Bununla yanaşı Xəzər dənizi Azərbaycan iqtisadiyyatının özülü karbohidrogen yataqlarının yerləşdiyi məkandır.

RUQİYYƏ CƏFƏROVA

Bütün xəbərlər Facebook səhifəmizdə