Bu günlərdə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş İndoneziyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmin ölkənin parlamentlərarası birliyinin sədr müavini, Qadın Məsələləri Komitəsinin rəhbəri Nuhayati Ali Asseqaf AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Onu İndoneziyanın Azərbaycandakı səfirliyinin müşaviri Aqus Trimartono müşayiət edib. SİA-nın məlumatına görə, N.A.Assqeqaf Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyеva və institutun "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin əməkdaşları ilə görüşüb.
Qonaq iştirak etdiyi Forum və tədbirdən sonrakı Gəncə səfərindən danışaraq bütün bunların onda dərin təəssüratlar yaratdığını, Azərbaycanın təbiətinə, tarixi memarlıq abidələrinə, adət-ənənələrinə, muğam sənətinə, mədəniyyətinə valeh olduğunu deyib. N.A.Asseqaf ölkəmizdə şərqin öyrənilməsinə də böyük marağı olduğunu qeyd edərək, Şərqşünaslıq İnstitutuna gəlib bu işlərlə tanış olmasından məmnunluğunu bildirib.
Gövhər Baxşəliyeva qonağa Azərbaycan elmi, AMEA və Şərqşünaslıq İnstitutu barədə məlumat verib. AMEA-ya 24 institutun daxil olduğunu deyən G.Baxşəliyeva, burada 9000-dən artıq əməkdaşın çalışdığını nəzərə çatdırıb. 1958-ci ildə yaradılmış AMEA Şərqşünaslıq İnstitutunun tarixindən danışan institutun rəhbəri hazırda bu elm müəssisəsində 11 şöbənin fəaliyyət göstərdiyini qeyd edib. G.Baxşəliyeva qonağın marağını nəzərə alaraq, она Şərqşünaslıq İnstitutunun "Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib və şöbənin gənc əməkdaşlarından birinin məhz İndoneziya ilə bağlı elmi tədqiqatlar aparmaq istəyində olduğunu nəzərə çatdırıb.
"Mərkəzi Asiya və Uzaq Şərq ölkələri" şöbəsinin müdiri, Rafiq Abbasov da institutda bu bölgə ilə bağlı aparılan tədqiqatlardan geniş söz açıb. N.A.Asseqaf azərbaycanlı alimin İndoneziyaya maraq göstərdiyindən məmnun qaldığını və ölkəsinin səfirliyinin haqqında danışılan gənc alimin İndoneziyaya еzam olunmasına yardımçı olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB