Milli Məclisdə yeni qanun layihəsi

Milli Məclisdə yeni qanun layihəsi

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda komitə sədri Ziyad Səmədzadə qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihə enerji təhlükəsizliyi baxımından çox vacibdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Metrologiya xidmətinin rəisi Oqtay Abbasov isə qeyd edib ki, bu sahəni tənzimləyən mövcud qanun 2000-ci ildə qəbul olunub və bu qanun hazırda mövcud dövrün beynəlxalq standartlarına cavab vermir. Onun sözlərinə görə, yeni qanun hazırlanarkən metrologiya sahəsində dünya praktikası öyrənilib və tətbiq edilib. Yeni sənəd Avropa Komissiyasının ekspertləri tərəfindən müzakirə edilib və onların layihə ilə bağlı təklifləri nəzərə alınıb.

Müzakirələrdə çıxış edən deputatlar Azərbaycanda istehsal olunan və ölkəyə idxal olunan bir sıra məhsulların keyfiyyətindən narahatlıqlarını bildiriblər. Geniş müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə