Bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsində "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"ya dair Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsi müzakirə edilib. SİA-nın xəbərinə görə, iclasda Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov hazırki sazişin tərəfləri barədə məlumat verib.
O bildirib ki, 1992-ci ilə BMT-nin ətraf mühit və inkişaf üzrə konfransında təsdiq edilən XXI əsr gündəliyinin 17-ci bölməsində göstərilən məqsəd və vəzifələr, o cümlədən 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında qəbul edilən məsuliyyətli balıqçılıq təsərrüfatının aparılması kodeksi nəzərə alınaraq bu sazişin hazırlanması barədə razılığa gəlinib. Saziş məsuliyyətli balıqçılıq təsərrüfatı və akvakultura vasitəsilə daxili su hövzələrində su bioloji resurslarının uzunmüddətli saxlanılması və davamlı istismarının təmin edilməsi töhvə verəcək. Yeni saziş 18 maddədən ibarətdir. Bu saziş rus və ingilis dillərində tərtib edilir və qeydiyyat üçün BMT-nin baş katibinə göndərilir.
2009-cu ilin əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) nəzdində "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultivasiya sahəsində regional komissiya"nın yaradılması üzrə icraçı komitə yaradılıb, beynəlxalq görüşlər və müzakirələr başlayıb. Regional komissiyanın yaradılması 2010-cu ildə Azərbaycan tərəfindən imzalanıb və FAO-Türkiyə Əməkdaşlıq proqramı çərçivəsində fəaliyyət göstərən "FİSHDEV-CA" (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional proqramın əsas məqsədidir. FAO tərəfindən komissiyanın təsdiq edilən sazişinə əsasən, həmin komissiyanın təsisi regionun 3 ölkəsi tərəfindən rəsmi razılıq verildikdən sonra mümkündür. Artıq Qırğıstan, Tacikistan və Ermənistan həmin komissiya üzrə razılıq sənədini təqdim edib. Cari ilin sonunadək regionun daha 3 ölkəsi tərəfindən razılıq sənədinin göndərilməsi nəzərdə tutulur.
2009-cu ildən başlayaraq Azərbaycan FAO və regionun bir sıra ölkələri ilə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq edir. Bu baxımdan da Azərbaycanın sözügedən sazişdə iştirak etməsi bu sahədə əməkdaşlığın inkişafına və hüquqi bazanın möhkəmləndirilməsinə təkan verəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov isə qeyd edib ki, 2009-cu ildən bu komissiya üzrə iş gedir. Bu komissiya respublikada böyük əhəmiyyət kəsb edən bir qurum olacaq: "Noyabr ayında bu komisiyanın növbəti ikinci iclası keçiriləcək. Həmin vaxta kimi Azərbaycan bu komissiyaya qoşulsa, ölkə üçün xeyirli nəticələr verəcək. Balıqçılığın inkişafında isə bu mühüm bir rol oynayacaq. Bu layihə əsas regional layihələrdən biridir və regionun inkişafı üçün vacib əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB