Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Rəşad Novruzov, Yeganə Cəfərova və Anara Novruzova bu günlərdə Varşavada təşkil olunmuş beynəlxalq seminarda iştirak ediblər. SİA-nın xəbərinə görə, seminar uşaq hüquqlarının müdafiəsi, Ombudsman və məhkəmə sistemi, ahılların və əlilliyi olan şəxslərin əmək hüquqları mövzularını əhatə etməklə üç sessiyada təşkil olunub.
9-11 may tarixdə "Şərq Tərəfdaşlığı" ölkələrinin ombudsmanları arasında əməkdaşlıq proqramı çərçivəsində Parisdə keçirilmiş tədbirin davamı olan bu seminarın məqsədi həmin ölkələrin ombudsmanlarının işinin əlaqələndirilməsi, müzakirələr və təcrübə mübadiləsi vasitəsilə insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin və mövcud çətinliklərin təhlil edilməsi, problemlərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin irəli sürülməsi olub. Tədbirdə Polşa, Fransa, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan Respublikaları Ombudsman təsisatlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda Polşa Respublikasının Əmək və Sosial Siyasət Nazirliyinin rəsmiləri də iştirak ediblər.
Müvəkkilin uşaq hüquqları sahəsindəki əhatəli fəaliyyəti təbdir iştirakçılarınn marağına səbəb olmuş və mövzu üzrə suallar cavablandırılıb. Sessiya çərçivəsində Polşanın Uşaq Hüquqları üzrə Ombudsman təsisatında bu qurumun fəaliyyəti ilə tanışlıq məqsədi ilə görüş keçirilib, təcrübə mübadiləsi aparılıb.
Tədbirdə eyni zamanda ahılların sosial müdafiəsinin gücləndirilməsi, onlara qayğının, sosial xidmətlərin artırılması və müalicəsinin təşkili məqsədi ilə onların sığortalanması məsələsi müzakirə olunub, bununla bağlı tədbir iştirakçıları fikir mübadiləsi aparılıb. İştirakçılara "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun, habelə Müvəkkilin illik məruzələrinin nüsxələri və seminarın mövzusu ilə bağlı digər çap materialları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB