DSMF-nin 20-ci ildönümü Qafqazda

DSMF-nin 20-ci ildönümü Qafqazda

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Univeristetində elmi-praktik konfrans keçirilib. DSMF-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda fond sədri S.Müslümov "Azərbaycanın pensiya sistemi: islahat davam edir" mövzusunda təqdimatla çıxış edib.

Fondun sədri Azərbaycanda sığorta-pensiya sisteminin ayrı-ayrı dövrlərdəki inkişaf mərhələlərinə toxunub. O bildirib ki, 2006-cı ildən isə Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib: "Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığorta olunanların sayı 1 mln. 300 min nəfərdən 2 mln. 100 min nəfəri ötüb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib. Əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,3 dəfə artıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45% təşkil edib".

S.Müslümov vurğulayıb ki, pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb, hazırda pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99,0%-nin, şəhərlərdə 100%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. O, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə