Birinci Şərab Festivalı

Gəncədə Birinci Şərab Festivalının iştirakçıları mükafatlandırılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhər İcra Hakimiyyətində təşkil edilən tədbirdə Fransanın ölkəmizdəki səfiri Paskal Monie və rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Olduqca yüksək səviyyədə təşkil edilən tədbirlərdən məmnun qaldıqlarını bildirən qonaqlar analoji tədbirin gələn il Fransa səfirliyinin dəstəyi ilə yenidən keçirilməsi təklifi ilə çıxış ediblər. Gəncədən xoş təəssüratlarla ayrıldıqlarını qeyd edən fransız nümayəndə heyəti, bundan sonra da Azərbaycanın maraqlarını ölkələrində müdafiə edəcəklərini vurğulayıb. Ardından mükafatlar sahiblərinə verilib.

Bununla yanaşı Fransa səfiri Gəncə Dövlət Universitetində də görüş keçirib. Burada təhsil alan tələbələrilə görüşən nümayəndə heyəti ali təhsil ocağında fransız dilinin tədrisindən məmnunluqlarını ifadə ediblər.

Tədbirdə fransız və azərbaycanlı tələbələrin mübadilə məsəlləri də gündəmə gətirilib. Hazırda Gəncə Dövlət Universiteti ilə Fransanın Strasburq Universiteti arasında sıx əməkdaşlıq qurulub. Gələcəkdə digər ali təhsil müəssisələri ilə də əməkdaşlıq edilməsinin vacibliyi diqqətdə saxlanılır.

Bununla da Birinci Şərab Festivalına qatılan fransalı nümayəndə heyətinin Gəncə şəhərinə 3 günlük səfəri başa çatıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə