3 seysmoloji stansiya quraşdırılır

3 seysmoloji stansiya quraşdırılır

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda çıxış edən (AMEA) vitse-prezidenti Akif Əlizadə bildirib ki, tədbirdə dünyanın 20-dən çox ölkəsini təmsil edən alimlər iştirak edib: "Bakıda ilk seysmik müşahidələrə 1902-ci ildə Nobel qardaşları tərəfindən başlanılıb. 110 il ərzində Azərbaycan seysmikliyin öyrənilməsi sahəsində böyük yol keçib. Hazırda ölkəmizdə 30-dan artıq seysmoloji stansiya fəaliyyət göstərir. Azərbaycanda neft geniş hasil olunan yerlərdə hər hansı təhlükənin qarşısının alınması üçün dənizdibi seysmoloji monitorinqlər aparılır. 3 yeni stansiyanın quraşdırılması gözlənilir ki, bununla da manitorinqlərin daha dəqiq aparılmasına şərait yaranacaq".

Baş nazirin müavini Abid Şərifov deyib ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv olduğundan burada tarixən güclü zəlzələlər baş verib. Onun sözlərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzində kompleks tədqiqatların aparılması nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda ilk dəfə olaraq dənizdibi seysmik stansiyaların quraşdırılmasına başlanılıb: "Hazırda Azərbaycanda seysmologiya elmi öz inkişaf dövrünü yaşayır. Artıq bəzi ölkələrdə Azərbaycan seysmoloqlarının praktikasından istifadə edilməyə başlanılıb. Zəlzələ bütün dünyada bəşəri problemdir və sərhəd tanımır. Ümid edirəm ki, bu konfrans dünya seysmoloqları arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsini daha da genişləndirəcək".

Daha sonra konfransda digər ölkə nümayəndələri seysmologiya ilə bağlı fikirlər səsləndirib, seysimik cihazlar haqqında məlumat veriblər. Konfrans başa çatdıqdan sonra iştirakçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə