Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı

Bakıda beynəlxalq konfrans öz işinə başlayıb
Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akt zalında "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V Beynəlxalq konfransın açılışı olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş konfransın açılış mərasimində 20-dən artıq ölkənin nümayəndələri, həmçinin elm xadimləri, ali məktəblərin rektorları iştirak ediblər.

Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan bu mühüm tədbir AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə baş nazirin müavini Abid Şərifov, AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək Azərbaycanda seysmik müşahidələrə başlanılması tarixindən və bu sahədə aparılmış tədqiqatlardan danışıblar.

Bildirilib ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda və Şamaxıda ilk seysmik stansiyalar qurulub və bununla da Azərbaycan ərazisində instrumental seysmoloji müşahidələrə başlanılıb.

Qeyd edilib ki, üç gün ərzində konfransda müxtəlif ölkələrin seysmoloq alimlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaq. Eyni zamanda, konfrans iştirakçıları Şamaxı rayonuna səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə