DSX-nın yeni hərbi hissəsinin açılışı olub

Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
DSX-nın yeni hərbi hissəsinin açılışı olub

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev əvvəl hərbi hissənin qarnizonunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri görülüb, 270 min kvadratmetr sahə isə abadlaşdırılıb.

Altımərtəbəli əsgər yataqxanasında olan Prezident bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış oldu. Məlumat verildi ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti və xidməti yüksək səviyyədə həyata keçirmələri üçün zəruri tədbirlər görülüb.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzey isə həm də ideoloji mərkəz funksiyasını yerinə yetirir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna, o cümlədən ölkədə Sərhəd Qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulub.

Sonra Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlandı. Qeyd edildi ki, əsgərlərin yüksək səviyyədə qidalanması üçün burada hər cür şərait var. Hərbi hissənin ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan hospital fəaliyyət göstərir. Hospitalda ambulator müayinələrin və müalicə işinin aparılması üçün bütün imkanlar nəzərə alınmış, əməliyyat bloku yaradılıb.

Daha sonra hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyevə hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu 5 bina tikildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə