Tərtərdə yeni obyektlər istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev işlərin gedişi ilə tanış olub
Tərtərdə yeni obyektlər istifadəyə verildi

Dövlət başçısı öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfərə edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə abidənin ətrafında, həmçinin rayonda aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə məlumat verib.
Bildirilib ki, bu obyektlərdən biri də rayonun Köçərli kəndində yeni yaradılmış soyuducu anbar kompleksidir. Kompleksin əsas maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilmişdir. Regionlarda sahibkarlığın inkişafı, xüsusən də cəbhəyanı bölgələrdə yeni istehsal müəssisələrinin yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı rayonda inşa olunub.
Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq müasir standartlar səviyyəsində yaradılan soyuducu anbar kompleksinin tikintisinə 2011-ci ildə başlanılıb. Ümumi sahəsi iki hektara yaxın olan müəssisədə soyuducu, tara və tədarük anbarları vardır. Bundan başqa ərazidə inzibati bina, gözətçi məntəqəsi yaradılmış və transformator yarımstansiyası quraşdırılıb. Kompleksin həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb. Ümumi tutumu 3 min ton olan müəssisə dünyanın aparıcı ölkələrində hazırlanmış avadanlıqla təchiz edilib. Beş soyuducu kameradan ibarət olan kompleks üçün xammal bazasının yaradılması məqsədilə ilkin olaraq Tərtər rayonunda 100 hektar ərazidə soğan əkilib. Gələcəkdə əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Kompleksdə şəxsi təsərrüfatlarda istehsal olunan məhsullarla yanaşı, Tərtər və ətraf rayonlardan tədarük olunacaq tərəvəz məhsullarının da saxlanılmasına şərait yaradılıb.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Yevlax-Xocalı-Laçın avtomobil yolunun açılışında

Sonra dövlət başçısı Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə mənzilinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun texniki göstəricilərini, əvvəlki və sonrakı vəziyyətini, eləcə də 2013-cü ildə yenidən qurulması nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, Yevlax-Xocalı-Laçın yolunun Yevlax-Bərdə mənzilinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin əhəmiyyəti bu yolun regional mahiyyət kəsb etməsindədir. Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verən bu yol həmin bölgələrdə yaşayan insanların mənzil başına vaxtında və təhlükəsiz çatmalarına da imkan yaradır.
Bildirilib ki, "Azəryolservis" ASC-nin sifarişi əsasında inşa olunmuş yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci texniki dərəcəli hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulmuşdur. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilib.
Diqqətə çatdırılıb ki, hazırda Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. İnşasında 80 min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirib.

Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzi

Bu gün Azərbaycan Prezidenti Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi bir hektar olan mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Mərkəzin ikimərtəbəli binasının inşası maksimum keyfiyyətlə və sürətlə həyata keçirilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulub.
Qeyd edilib ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi yaradılıb. Mərkəzin 112 yerlik iclas zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da yaradılıb. Virtual-rinq otağında gənclərin müxtəlif intellektual oyunlar keçirmələri üçün zəruri sistem qurulub. Mərkəzdəki tir otağı da müasir standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər. Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya da vardır. Bundan başqa, burada gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans zalı da yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı burada Tərtər rayon gənclərinin nümayəndələri ilə görüşüb.

Dövlət Bayrağı meydanında

Azərbaycan Prezidenti Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilib. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı rayonun bir çox yerindən aydın görünür.
Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, yaşıllıq zolaqları salınmış, müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Burada, həmçinin istirahət guşələri yaradılmış, iki fəvvarə quraşdırılıb, oturacaqlar qoyulub. "Ana və uşaq" istirahəti mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir.
Azərbaycan Prezidenti Dövlət Bayrağı meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirib.

Tərtərdə süd emalı zavodu

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, "Gilan" MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində inşa edilən süd emalı zavodunun tikintisi rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, süd məhsullarının müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım olacaqdır. Ümumi ərazisi 1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min kvadratmetrdir. Beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator quraşdırılıb. Prezident İlham Əliyev zavodu işə salıb.

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına "Gilan" holdinqin idarə heyətinin sədri Cəmil Muradov məlumat verib ki, sutkalıq emal gücü 20 ton olan zavoda süd Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilib. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir.
Dövlətimizin başçısı burada nümayiş etdirilən hazır məhsulların nümunələrinə baxıb.
Qeyd edildi ki, müasir havalandırma sistemi sexlərdə normal şəraitin təmin edilməsinə imkan yaradır. Zavodda ağartı məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Heydər Parkı və Heydər Əliyev Mərkəzi

Bu gün Azərbaycan Prezidenti Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Parkın ərazisini gəzən dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilib. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirilib.

Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotostendlərə baxıb. Bildirilib ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılıb. Parkda dekorativ ağaclar və gül kolları əkilib. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılıb. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunub.
Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi, elektron kitabxana yaradılıb. Tədris siniflərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, ulu öndərin mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlar veriləcəkdir. Bundan əlavə, mərkəzdə xarici dillər otağı və rəsm studiyası da yaradılıb. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.
Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılıb. Burada ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılıb. Tərtərlilər ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar. Tərtərdə yaradılan bu möhtəşəm mərkəzdən bəlli olur ki, ümummilli lider Heydər Əliyev xalqının qəlbində əbədi olaraq məskən salıb. Ümumilikdə mərkəz ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılıb.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə