Cari ilin avqust-sentyabr aylarında "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə növbəti sorğusunu həyata keçirib. SİA-nın xəbərinə görə, sorğuda respondentlərə sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial müdafiəsinin və onların maraqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı bir-neçə sual verilib.
Ümumilikdə Bakı və Sumqayıt şəhərlərində 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorğuda iştirak edən 220 (44%) nəfər isə əks tərəfin cinsinə mənsub olub. Respondentlərin 114 nəfəri (22,8%) 18-34 yaş, 175 nəfəri (35%) 35-54 yaş, 171 nəfəri (34,2%) 55-74, 40 nəfəri (8%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aid olublar. "Bu gün sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial müdafiəsinin mövcud durumunu necə dəyərləndirərdiniz?" sualına respondentlərin 164 nəfəri (32,8%) "Dövlət onlara qayğı göstərsə də onların sosial müdafiəsində hələ də problemlər var", 74 nəfəri (14,8%) "Onların sosial müdafiəsi lazımi səviyyədə deyil", 211 nəfəri (42,2%) "Onların sosial müdafiəsi yaxşı təşkil olunub və gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi lazımdır" və 51 nəfəri (10.2%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavablarını qeyd ediblər.
"Sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə cəmiyyətdə digər vətəndaşlarla bərabər imkanların yaradılma səviyyəsi sizi qane edirmi?" sualına respondentlərin 237 nəfəri (47,4%) "Nisbətən qane edir", 86 nəfəri (17,2%) "Nisbətən qane etmir", 163 nəfəri (32,6%) "Tamamilə qane edir" və 14 nəfər (2,8%) isə "Tamamilə qane etmir" cavablarını veriblər."Əlillərin işlə təmin edilmə dərəcəsindən razısınızmı?" sualına rəyi soruşulanların 272 nəfəri (54,4%) "Bəli", 43 nəfəri (8,6%) "Xeyr", 185 nəfəri (37%) isə "Bəli, lakin təklif olunan işlərin sayı çox olsa yaxşı olar" cavablarını veriblər. "Sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqda QHT-lərin rolunu necə qiymətləndirirsiniz?" sualına respondentlərin 278 nəfəri (55,6%) "Yaxşı, bu işdə dövlət təşkilatları və QHT-lər birlikdə çalışmalıdır", 153 nəfəri (30,6%) "Yaxşı, amma bu işdə dövlət təşkilatları daha fəal iştirak etməlidirlər", 69 nəfəri (13,8%) "Cavab verməyə çətinlik çəkirəm" cavabları ilə kifayətləniblər.
Sorğu zamanı rəyi soruşulanların 288 nəfəri (57,6%) "Nəqliyyatda əlillərin rahat hərəkət etmələri üçün lazimi şərait varmı?" sualına "Var, onlar üçün yeraltı keçidlərdə panduslar quraşdırılıb, taksilər gətirilib" cavablarını veriblər. Respondentlərin 190 nəfəri (38%) bu suala "Var, lakin bu sahə daha da təkmilləşdirilməlidir", 22 nəfəri (4,4%) isə "Yoxdur, onların hərəkəti üçün hələ də lazimi şərait yoxdur" cavablarını veriblər. "Sizcə əlillərin rahat hərəkəti üçün ictimai yerlərdə lazımi şərait varmı?" sualına sorğu keçirilən kontingentin 193 nəfəri (38,6%) "Bəli, bunun üçün xeyli iş görülür", 178 nəfəri (35,6%) "Bəli, lakin bu sahədə hələ də problemlər var" bildiriblər. Həmçinin 79 nəfər (15,8%) "Xeyr, yalnız Bakı şəhərində bu sahə inkişaf edib" və 50 nəfər (10%) isə "Cavab verməyə çətinlik çəkirəm" cavabları ilə kifayətləniblər.
Sorğu əsasında əldə edilən cavablara istinadən o qənaətə gəlmək olur ki, respublikada əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial təminatı sahəsində məqsədyönlü işlər aparılıb və onlar dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Lakin bu sahədə görülən işlərlə kifayətlənmək olmaz və bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da güclənldirilməsinə ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB