Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olub. Komitədən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın uğurlu inkişafı, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi istiqamətində də hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın yaranmasında və inkişafında əhəmiyyətli rol oynayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilmişdir. İmzalanmış Memorandum çərçivəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan respublikasının Özəlləşdirmə və özəlləşdirmədən sonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolovun dəvəti ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olub.
Səfərin əsas məqsədi dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi, kadrlara seminar və treninqlərin keçirilməsi, özəlləşdirməyə investisiyaların cəlb edilməsi, özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi məsələlərinin müzakirəsinin aparılmasından ibarət olub.
Səfər müddətində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyində Agentliyin direktoru cənab Emil Karanikolovun və digər nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı cənab E.Karanikolov Memorandumda nəzərdə tutulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı tərəflər arasında məlumat mübadiləsi çərçivəsində Bolqarıstan Respublikasında aparılan özəlləşdirmə (Bolqarıstanın enerji paylama şəbəkəsinin, "Bolqarıstan Dəmir Yolu" səhmdar cəmiyyətinin tabeçiliyində olan yükdaşıma qurumunun, sosialyönümlü obyektlərin və digər iri müəssisələrin özəlləşdirilməsi) və özəlləşdirmədənsonra nəzarət tədbirləri barədə geniş məlumat verib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov hər iki ölkə arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən və hazırda əməkdaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışaraq, ölkə başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi olaraq qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasət və əldə edilmiş nəticələr, Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi ilə bağlı ətraflı məlumat verilmiş, dövlət əmlakının səmərəli idarə edilməsi sahəsində görülmüş işlərdən danışılmışdır.
Səfər çərçivəsində Agentliyin Müşahidə Şurasının üzvləri ilə görüş keçirilib, komitənin strukturu və fəaliyyət istiqamətləri barədə qarşı tərəflə fikir mübadiləsi aparılıb. Bolqarıstan tərəfi oxşar təşkilati strukturun tətbiqində maraqlı olduğunu bildirmiş və bununla bağlı müvafiq informasiya təminatına dair Azərbaycan tərəfindən köməklik göstərilməsini xahiş etmişdir.
Görüşlər zamanı dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi prosesinə hər iki ölkənin investorlarının qarşılıqlı olaraq cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi, kadrlara seminar və treninqlərin keçirilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu cür səfərlərin gələcəkdə də həyata keçirilməsi barədə razılığa gəlinmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB