5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunda geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq şərəfli peşə sahiblərini bu müqəddəs bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
F.Vəliyev qeyd edib ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Beynəlxalq Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edib. O, qeyd edib ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir".
Sonra Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlıniski çıxış edərək bildirib ki, müəllim olmaq elm öyrətməkdir. Müəllimlər bir zamanlar parta arxasında dərs dedikləri dünənki şagirdlərlə rastlaşanda onların böyüyüb boya-başa çatdıqlarını, ailə qurduqlarını, cəmiyyətdə bir gərəkli mövqe tutduqlarını görüb sevincdən gözləri yaşaran bir peşənin mənsublarıdır.
Sonda Şəmkir şəhər M.Füzuli adına orta məktəbin direktoru Qurbanova Rəhilə, Şəmkir rayon Düyərli kənd 2-saylı məktəbin direktoru Əliyev Zahid, Şəmkir rayon Kür qəsəbə 1-saylı orta məktəbin direktoru Pirverdi Bayramov və başqaları çıxış ediblər. Müəllim yer üzündə ən üstün məxluq olan insanı dəyişən, onu kamilləşdirən bir peşənin sahibidir. İnsan müəllim əməyi, müəllim zəhməti, müəllim elmi, müəllim təcrübəsi ilə şəkillənir, gözəl şəxsiyyətə çevrilir.
Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə YAP Şəmkir rayon təşkilatı tərəfindən müəllimlərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB