Millət vəkili Gövhər Baxşəliyeva parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə ümidvarlığını bildirib
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində bu dövlətin ölkəmizdəki yeni səfiri Tarek Əbusenna ilə görüş keçirilib. SİA-nın məlumatına görə, səfirlə görüşdə millət vəkili, İslam Konfransı Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan - Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, professor, doktor İsmayıl Səragəldin, Misirin Azərbaycandakı mədəniyyət mərkəzinin direktoru, professor, doktor Mustafa Moavad iştirak edirdilər.
Görüş iştirakçıları Misir - Azərbaycan əlaqələrindən söz açıb, xüsusilə də bu sahədə parlament səviyyəsində görülən işlərdən danışıblar. Millət vəkili Gövhər Baxşəliyeva Misirin yeni parlamenti ilə əlaqələrin daha da geniş şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Misirdə son zamanlar baş verən hadisələr müzakirə olunub. Gövhər Baxşəliyeva bütün bu hadisələrin Misirin gələcək inkişafına təkan verəcəyinə inandığını söyləyib.
Görüş iştirakçıları, həmçinin, AMEA Şərqşünaslıq İnstitutunda görülən işlərdən, xüsusən də ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan, eləcə də Misirin İsgəndəriyyə kitabxanası ilə əlaqələrdən danışıblar. Şərqşünas alimlərimizin İsgəndəriyyə kitabxanasında tədqiqatlar aparması, Azərbaycana dair yeni materiallar, əlyazmalar, xəritələr axtarmalarının perspektivləri müzakirə edilib. İsmayıl Səragəldin rəhbərlik etdiyi kitabxananın Azərbaycanla əlaqələrindən söz açıb, eyni zamanda bu günlərdə 870 ilik yubiley tədbirlərində iştirak etdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin Şərq ədəbiyyatının, fəlsəfəsinin, ictimai fikrinin inkişafına töhfəsindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB