Vergilər Nazirliyi Xaçmaz rayonunda yerləşən "Caspian See" otelinin konfrans zalında vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini gücləndirmək, vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyilə seçilərək müəyyən edilmiş, cəmiyyətin daha aktiv üzvü olan ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət 49 nəfər "vergi dostu"na sertifikat və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq, nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirib. Qeyd olunub ki, hazırda "Vergi Dostları" üçün Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən xüsusi təlim proqramı hazırlanır və onlar yerli vergi orqanlarında bu proqramı mənimsədikdən sonra öz üzərlərinə bir sıra öhdəliklər götürmüş olacaqlar. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergi anlayışlarını, dövlət üçün vergilərin əhəmiyyətini izah edir, həmçinin orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərinin tədrisinə köməklik göstərir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir və s... Natiq "vergi dost"larının seçilməsi məsələsinə toxunaraq qeyd edib ki, vergi orqanının əməkdaşı "vergi dostu" seçiləcək rayona ezam olunur, rayon icra hakimiyyətinin və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə rayon ərazisindəki bütün ümumtəhsil məktəblərinin sayı, coğrafi mövqeyi və rayon mərkəzindən uzaqlığı müəyyən edilir. Seçim, rayon mərkəzindən daha uzaqda yerləşən məktəblərdən başlamaqla həyata keçirilir.
Sonra təlimi müvəffəqiyyətlə başa vuran "vergi dostları"na üzvlük sertifikatı, "Vergi Dostu"nun yaddaş kitabçası və kompyuter avadanlığı təqdim olundu, onlar tərəfindən əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalandı.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 3 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB