Ermənistan cərimələndi

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanla bağlı iki qərar çıxarıb. Məhkəmənin internet saytına istinadən verilən məlumata görə, Ermənistan Şuşa batalyonunun komandiri Jirayr Sefilyan və 75 yaşlı Venera Antonyanın hər birinə 9000 avro ödəməlidir.

75 yaşlı Venera Antonyan mülkiyyət hüququnun pozulduğuna görə kompensasiya alacaq. Belə ki, Ermənistan məhkəmələri 2004-cü ildə onun ölmüş qohumunun iki övladının evinə qeydiyyatının lətvi ilə bağlı iddiasını təmin etməyib.

Şuşanın işğalında iştirak edən xüsusi batalyonun komandiri, Ermənistan vətəndaşlığı olmayan Jirayr Sefilyan isə azadlıq və şəxsi toxunulmazlıq, eləcə də kommunikasiya hüquqlarının pozulmasından Avropa Məhkəməsinə şikayət edib. Ermənistanda ona qarşı cinayət təqibi 2006-cı ildə başlayıb. Keçmiş batalyon komandiri 2006-cı ilin dekabrında həbs edilib, 2007-ci ilin avqustunda isə birinci instansiya məhkəməsi tərəfindən qanunsuz silah saxlamaqda təqsirli bilinərək, 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Jirayr Sefilyanın vəkilləri hələ o vaxtdan bəyan ediblər ki, ittiham əsassızdır və müdafiə etdikləri şəxs ilkin həbsdə qanunsuz saxlanılıb.

Avropa İnsan Haqları məhkəməsi Şuşa batalyonunun komandirinin telefonlarının 2006-cı ilin yayından dinlənilməsini, sonradan isə həbs edilməsini İnsan hüquqları üzrə Avropa Konvensiyasının pozulması kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə