"Azərbaycanda sürətli inkişafın şahidi oldum"

Bunu Nobel mükafatı laureatı Corc Fitzgerhald Smut deyib
"Azərbaycanda sürətli inkişafın şahidi oldum"

Azərbaycanda sürətli inkişafın şahidi oldum. Bakıda olmağımdan çox məmnunam. Burada özümü vətənimdəki kimi hiss etdim.

Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, fizika üzrə Nobel mükafatı laureatı Corc Fitzgerhald Smut deyib.

C.Smut II Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıb, tədbirin mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd edib. Alim, həmçinin forumda maraqlı məsələlər barədə müzakirələr aparılacağını da vurğulayıb.

Bakıya ilk dəfə gəldiyini deyən dünya şöhrətli alim şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açıb.

Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd edib. Bu yerlərdən zövq aldığını deyən C.Smut Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırıb.

Nobel mükafatı laureatı forumdan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirib.

Alim Azərbaycanın milli özəlliklərini özündə əks etdirən xüsusi hədiyyələri özü ilə vətəninə aparacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə