Azərbaycanın zəngin tarixi keçmişi var"

Roza Otunbayeva: "Bu xalqınızın tükənməz sərvətidir"
Azərbaycanın zəngin tarixi keçmişi var"

Mən bu bölgəyə birinci dəfədir gəlmişəm. Şəkidə tarixi yerlərə, abidələrə tamaşa etdim. Bu yerlərin tarixi heyrət doğurur. Bu saray xalqınızın mədəniyyətinin zənginliyini göstərir.

Bu fikirləri Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində söyləyib: "Azərbaycandan söz düşəndə həmişə onun mineral ehtiyatlarından danışırlar. Mən Gəncədə dahi Azərbaycan şairi Nizaminin 870 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etdim. Bu şəhərdə Nizami kimi şair, mütəfəkkir yaşayıb-yaradıb.

Şəki xanları sarayının şəbəkələri o qədər gözəldir, rəsmlərin rəngləri o dərəcədə bir-birini tamamlayır ki, burada Şərq Nəbati memarlığı və dizaynının özünəməxsusluğunu hiss etməyə bilmirsən. Azərbaycan florasının zənginliyini əks etdirən bütün bu rəsmlər Şəki sənətkarlarının məhsullarında öz təcəssümünü tapacaq və bunlar dünyada çox yüksək tələbat olan mallar kimi satılacaqdır.

Mən çox şadam ki, sizin belə zəngin tarixi keçmişiniz vardır. Bu, sizin tükənməz sərvətinizdir və ondan yetərincə faydalanmaq lazımdır. Bu isə mədəniyyətinizin daha da yüksəlişinə kömək edəcək, siz daha güclü olacaq, özünüzü daha dolğun şəkildə təqdim edə biləcəksiniz.

Mən görürəm ki, sizdə mədəniyyətin tərəqqisinə çox böyük diqqət yetirilir. Son dövrlərdə aparılan bərpa işləri çox şeydən xəbər verir. Bu, Azərbaycanı dünyaya turizm ölkəsi, tarixi abidələrlə, mədəni dəyərlərlə zəngin diyar kimi tanıtmaq, təqdim etmək imkanlarınızın, potensialınızın çox böyük olduğunu göstərir. Bütün bunlar Azərbaycanın brendidir. Mən dost və qardaş Azərbaycan xalqına uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə