Azərbaycanda telekanallar ədəbi dilin işlənməsi ilə bağlı bəzən sui-istifadə hallarına yol verirlər. SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, ölkədəki telekanallarda ədəbi dilin işlənməsi ilə bağlı bu və ya digər problem olsa da, onlar tədricən aradan qaldırılır:
"Ancaq bəzən kanallarda bundan sui-istifadə halları da olur. Onlar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar. Qarşıda bu məsələlərə baxılacaq".
O əlavə edib ki, əvvəllər Azərbaycan efirində göstərilən filmlərin 75 faizi xarici ölkələrin istehsalı idi. 2011-ci ilin sentyabr ayında ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat pul ayrılıb:"Buna görə də Şura tərəfindən bu il mayın 1-dən ölkə teleməkanında xarici teleserialların yayımı dayandırılıb. Həmin məbləğ telekanallar arasında bərabər bölünüb. Artıq bütün telekanallar bu məbləğə seriallar çəkiblər. Son zamanlar telekanallarda serial çəkilişləri ilə bağlı böyük fəallıq müşahidə olunur. Göstərilən seriallar bizə ümid verir ki, getdikcə telekanallar daha çox Azərbaycanın tarixinə, ədəbiyyatına, coğrafiyasına uyğun filmlər çəkəcəklər".
Onları narahat edən məsələlərdən biri də Azərbaycan efirində aşağı təbəqənin psixologiyasına uyğun tok-şouların hazırlanmasıdır deyən şura sədri qeyd edib ki, bəzən kanallar süni şəkildə problemli ailələr arasında veriliş hazırlayır və tamaşaçıya kino kimi təqdim edirlər.
"Bəzən verilişlərdə ikili, hətta çoxsaylı dildə olan cümlələrdən istifadə edən aparıcılar var. Onların cümləsinin bir hissəsi türkcə, bir hissəsi rusca deyilir" - deyən, sədr vurğulayıb ki, kanallarda ədəbi dilin işlənməsi ilə bağlı aparılmış monitorinqlərin nəticələri 10 gündən sonra yenidən müzakirə ediləcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB