Nazir BMT nümayəndəsini qəbul edib

Nazir BMT nümayəndəsini qəbul edib

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 3-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib. DİN-dən SİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir son illər Daxili İşlər Nazirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın dərinləşməsindən məmnunluğunu ifadə edib və bu işdə cənab Akçuranın əməyini yüksək qiymətləndirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Respublikamızın BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq konvensiyalarına və protokollarına qoşulduğunu, dünyanın bu ən mötəbər təşkilatının bir sıra qurumları ilə fəal və səmərəli əməkdaşlıq etdiyini qeyd edən nazir həyata keçirilən müxtəlif layihələrdə Azərbaycan DİN-in də yaxından iştirak etdiyini vurğulayıb.

Cənab Fikrət Akçura fəaliyyəti müddətində ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda özünü tam təhlükəsiz hiss etdiyini, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə hüquq-mühafizə orqanları, həmçinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə