Müəllifi təbrik edən Ə.Amaşov ona rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib
Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış şair-publisist, Zakir Fəxrinin "Rekviyem" əsərinin təqdimatı keçirilib.
Mərasimi açan MŞ sədri Əflatun Amaşov Zakir Fəxri yaradıcılığının müxtəlif aspektləri barədə məlumat verərək şairin şer sənətinə olduğu qədər, publisistikaya və jurnalistikaya da aidliyini önə çəkib. Təqdimatı keçirilən əsərin qəmin, qüssənin bədii yaradıcılıqda yüksək sənətkarlıqla tərənnümü olduğunu vurğulayan Şura sədri bildirib ki, onun qeyri-adiliyini səciyyələndirən başlıca xüsusiyyət poeziya və nəsrin vəhdətindən yaranmasındadır.
Müəllifi təbrik edən Ə.Amaşov ona rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib.
Tədbirdə çıxış edən Zakir Fəxrinin sənət dostları və yaxınları - şair Musa Yaqub, Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Musa Quliyev və Aqil Abbas, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli, kütləvi informasiya vasitələrinin rəhbərlərindən "Olaylar" qəzetinin və eyni adlı agentliyin rəhbəri Yunus Oğuz, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin tanınmış yazıçı-publisist Əjdər Ol, Dilçilik İnstitunun direktoru, professor Fəxrəddin Veysəlli, pedaqoq Aydın Kərimov, respublikamızın xalq artisti Zaur Rzayev və başqaları bildiriblər ki, Zakir Fəxri yaradıcılığındakı ən mühüm məqam sənətkarın öz dərdini, övlad acısını ictimailəşdirmək bacarığıdır. Bu bacarığın hər sənət adamına nəsib olmadığını deyən natiqlər müəllifin qayəsi dərddən yoğrulmuş nümunələrində millətin faciəsinin böyük ustalıqla təsvir edildiyini dilə gətiriblər. Onlar bir yaradıcılıq xəzinəsi ilə əbədi olaraq yaddaşlarda qalan insanların mövcudluğuna diqqət çəkərək şairin musiqisi dillər əzbəri olan "Qalmaz belə, qalmaz dünya" şeri ilə bu statusu qazandığını vurğulayıblar.
Çıxış edənlər onu da bildiriblər ki, müasir Azərbaycan ədəbiyyatının təmsilçilərinin yaratdığı əsərlərin, Z.Fəxri kimi sənəd adamlarının irsinin gənc nəslə çatdırılması son dərəcə önəmlidir. Çünki bu irs əsrlərin süzgəcindən keçib gələn ruha, vahidlik, bütövlük ruhuna söykənir. Bu ruh isə milləti tarixin müxtəlif sınaqlarından çıxararaq yaşadır, dünyaya tanıtdırır.
Qeyd edək ki, Zakir Fəxrinin bundan öncə, 2008-ci ildə işıq üzü görmüş "Qalmaz belə, qalmaz dünya" adlı kitabı Ali Dövlət Mükafatına - "Qızıl kəlmə"yə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB